“Bəzi məmurlara qarşı sanksiyalar tətbiq olunacaq”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Anar Məmmədov: “Sosial vəziyyəti sürətlə ağırlaşan cəmiyyətlərdə repressiyalar və həbslər müvəqqəti tədbirlər sayılır, xalq buna sona qədər dözməyəcək”

“Freedom House” təşkilatı yaz aylarında Azərbaycandakı siyasi məhbusların sayını 80 nəfər göstərmişdi. Bu siyahı mənim fikrimcə azalmayıb, əksinə artıb”- bu sözləri “Doğru xəbər”-ə ictimai-siyasi fəal Anar Məmmədov bildirib.

A.Məmmədov Azərbaycan hakimiyyətini dözümsüzlükdə ittiham edib: “Məlumdur ki, Azərbycan hökuməti tənqidi münasibətdə olanlara qarşı dözümsüzlük göstərir və həmin şəxslər müxtəlif adlarla həbs olunurlar. Siyasi məhbus kriteriyasına baxışlar müxtəlif olsa da, mövcud hakimiyyətə tənqidi münasibətdə olan şəxslər və onların ailə üzvləri, yaxın qohumları hər hansı təzyiqə və təqibə məruz qalan şəxslər siyası məhbus qəbul edilir. Adətən siyasi məhbuslara daha çox siyasi plüralizmin olmadığı ölkələrdə rast gəlmək olur. Bu mənada Azərbaycanın son illərdəki durumuna baxsaq bir neçə aspektdən qiymət vermək düzgün olardı. Əvvvəla neft və qaz ehtiyatlarının istismarıyla ölkəyə külli miqdarda pul gəldiyindən korrupsiya qaçılmaz oldu. Digər tərəfdən korrupsiyaya bulaşmış məmurlar hər vəchlə hakimiyyəti qorumaq üçün tənqidə qarşı dözümsüzlük göstərdiklərindən siyasi məhbus olayı da bizim üçün qaçılmaz bir hala çevrildi. Belə bir situasiyada Azərbaycanda siyasi məhbusların olması təbii bir haldır. Siyasi məhbusun olmasının cəmiyyətə nə kimi təsirləri isə tamam başqa məsələdir.

A.Məmmədov hakimiyyətin son ildə siyasi məhbusları azad etməsini təqdir etmir: “Müsbət dəyişiklik o halda olar ki, ümumi plüralizm imkanları genişlənsin, insanların soz və ifadə azadlığı təmin olunsun. Bir qisim siyasi məhbus azad olunub. Natiq Cəfərlinin həbs olunmasını necə irəli addım kimi dəyərləndirmək olar? Digər tərəfdən bu gün əsas siyasi müxalifət rolunu oynayan İlqar Məmmədovun azad edilməməsi, cəza müddətinin başa çatmasına az müddət qaldığı zaman Əli İnsanova qarşı yeni cinayət işinin açılmasını avtoritar və totalitar rejimin göstəricisi kimi qiymətləndirmək olar. Ayrı-ayrı yerli və beynəlxalq təşkilatlar Azərbaycandakı siyasi məhbuslarla bağlı müxtəlif rəqəmlər səsləndirirlər. Eyni zamanda ayrı-ayrı təşkilatlar siyasi məhbus kriteriyasını və sayını müxtəlif cür göstərirlər. Norveç Helsinki Komitəsi Azərbaycandan 75 nəfəri siyasi məhbus olaraq tanıyır (onların 76 faizi dini fəallardır). “Freedom House” təşkilatı yaz aylarında Azərbaycandakı siyasi məhbusların sayını 80 nəfər göstərmişdi. Bu siyahı mənim fikrimcə azalmayıb, əksinə artıb.

“Human Rights Watch” təşkilatı “siyasi motivlərlə mühakimə və həbs olunma” termininə üstünlük verir. Bu prinsiplə sonuncu təşkilat “məhbusların həbsdən əvvəlki fəaliyyətlərinə diqqət yetirir, eyni zamanda irəli sürülən ittihamlar və həbs şərtlərini, məhkəmə-prosedur qaydalarına nə dərəcədə riayət edilməsini, adekvat cəza və ədalətli mühakimə standartlarına uyğunluğu” nəzərəalaraq, kimin siyasi məhbus olmasına qərar verir. Yerli hüquq müdafiəçiləri isə hal-hazırda 70-dək siyasi məhbusun olmasını bildirirlər. Bir daha təkrar edirəm ki, bu siyahılar müxtəlif olsa da, siyasi məhbusun olması danılmazdır və ölkədə fikir və ifadə azadlığı, tənqidi münasibətə tolerantlıq təmin edilmirsə siyasi məhbusların sayı daim artacaqdır.

Azərbaycan bu vəziyyətlə bağlı hansısa təzyiqə məruz qala bilərmi – sualını A.Məmmədov belə cavablandırıb: “Artıq Azərbaycana qarşı beynəlxalq səviyyədə münasibət dəyişir. Avropa parlamentində siyasi sanksiya ilə bağlı çağırışlar edildiyi hamıya məlumdur. Eyni zamanda burada və ABŞ konqresində dinləmələr keçiriləcək və hər iki qurumda Azərbaycanda insan haqları və korrupsiya ilə bağlı atılacaq addımlara hazırlıq işləri görüləcək. Çox guman ki, Azərbaycan hakimiyyətinin bəzi məmurlarına qarşı sanksiyalar tətbiq olunacaq. Sosial vəziyyəti sürətlə ağırlaşan cəmiyyətlərdə repressiyalar və həbslər müvəqqəti tədbirlər sayılır, xalq buna sona qədər dözməyəcək.

Cavad Bədəlov

Oxu 718 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.