“ABŞ demokratikləşmə adı altında yardım etdiyi ölkələrdə ya dövlət çevrilişi olub...”

Bu məqaləni qiymətləndir
(1 Səs)

Müxalif partiya sədrindən ABŞ Konqresində keçirilən dinləməyə sərt etiraz

Sərdar Cəlaloğlu: “Amerika dinc müxalifətə illərlə dəstək vermir, elə ki ortaya hətta sözdə bir radikal qüvvə çıxdı, onlarla işləyir” 

Xəbər verildiyi kimi, ötən həftə ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə jurnalist Xədicə İsmayıl, Türkel Kərimli (AXCP sədri Əli Kərimlinin oğlu) və Amerikanın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç də çıxış ediblər.

Lakin tədbir çox sönük keçib, toplantıda cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavern müzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti isə ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.

Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub. Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. 

O da diqqətçəkəndir ki, tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabrda konqresmen Kris Smitin Azərbaycan rəhbərliyinə ünvanladığı məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktubu Smitlə yanaşı, Konqresdə Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şif də imzalayıb.

Beləliklə, həm sözügedən məktubun, həm də ABŞ Konqresindəki dinləmələrin arxasında məhz erməni lobbisinin dayandığına şübhə yeri qalmır.

Azərbaycan əleyhinə bu cür tədbirlərdə Əli Kərimlinin çevrəsinə aid müxalifətçilərin də yer alması isə cəmiyyətdə haqlı etiraza səbəb olub. 

Bu mövzuda “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu ABŞ Konqresində dinləmə adı altında keçirilən toplantının heç də demokratiyaya xidmət etmədiyini və obyektiv proses olmadığını bildirdi. 

Onun dediyinə görə, obyektiv dinləmələr keçirmək, daha obyektiv məlumat alınması üçün ölkəni təmsil edən bütün güclərin, siyasi palitranın rəhbərliyi dəvət olunmalıdır: “Mən özüm şəxsən ABŞ-da keçirilən dinləmələrdə iştirak etmişəm. İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət, İlyas İsmayılov, eyni zamanda hakimiyyətin də təmsilçiləri də iştirak edirdi. Əsl dinləmə bax bu cür geniş spektrin iştirakının təmin olunduğu dinləmələr idi. İndi haqqında mediada ajiotaj yaranan tədbiri isə dinləmə adlandırmaq olmaz. Çünki orada həddən artıq məhdud çərçivədə toplantı keçirilib. Həmin toplantıya Azərbaycan siyasi palitrasını təmsil etməyən adamlar qatılıb. Türkel Kərimli, Xədicə İsmayılova Azərbaycanda siyasi partiya lideri deyillər. Amerika əgər doğrudan da Azərbaycanda real siyasi vəziyyətlə bağlı obyektiv dinləmə keçirmək istəsəydi, siyasi tərəflərin nümayəndələri oraya dəvət olunardı. Müsavat, ADP, AXCP, KXCP rəhbərləri, hakimiyyət təmsilçisi dəvət olunmalı idi... 

Vaxtı ilə biz də ABŞ-da keçirilən dinləmələrdə iştirak edəndə Ermənistan lobbisinin nümayəndələri həmin tədbirə qatılırdılar. Onlar həmişə çalışırlar ki, öz maraqlarına uyğun, Azərbaycanın isə əleyhinə işlər görsünlər. Bunun üçün hər fürsətdən yararlanmağa cəhd edirlər. Bu cür dinləmələri obyektiv dinləmələr kimi dəyərləndirmək olmaz. Erkin Qədirlinin açıqlamalarından da məlum olur ki, o cür dinləmələrə dəvət məsələsində siyahıların tərtibi konyukturaya məruz qalır".

S.Cəlaloğlu qeyd etdi ki, son zamanlar ABŞ-ın maraqlarına kim xidmət edirsə, bu cür tədbirlərə həmin şəxsləri dəvət edirlər: “Bəs hanı 30 ildir Azərbaycanda demokratiya uğrunda siyasi mübarizə aparan, həbsxanalarda yatan, məhrumiyyətlərə düçar olan ADP, Müsavat, AXCP, KXCP-nin təmsilçiləri? O tədbirləri təşkil edənlər nə əcəb bu partiyaların rəhbərlərini dəvət etmirlər? Nə əcəb ABŞ bu partiyaları görə bilmir? Tamamilə Azərbaycanın siyasi həyatında o qədər önəmli rol oynamayan, Azərbaycan siyasəti həyatının bilavasitə elementi olan qüvvələri siyahıya salırlar, onlara dəvət göndərirlər. Belə adamlar-Xədicə İsmayıl, Türkel Kərimli nə dərəcədə Azərbaycanın siyasi həyatı haqqında orada obyektiv məlumat verə bilər? Axı bu mümkün deyil. Türkel Kərimli Əli Kərimlinin oğludur, axı bu status ona Azərbaycan siyasəti haqqında ətraflı, obyektiv məlumat verməyə yetərli deyil. Mənim oğlum nə dərəcədə mənim qədər Azərbaycan siyasi reallıqlarını təmsilçisi kimi çıxış edə bilər? Belə adamların dəvət olunması həmin tədbiri keçirən və orada iştirakçıların siyahısını tutan adamların konyukturaya yol verdiklərini göstərir”. 

ADP sədri xatırlatdı ki, onların qatıldığı dinləmələrdə ermənilər Azərbaycan əleyhinə danışmağa başlayanda onlar dərhal müdaxilə edib erməniləri susdurublar: “İndi də dəvət etsəydilər və separatçı Bako Saakyanın oğlu orada çıxış edəcəkdisə biz onu yerində oturdacaqdıq. İndiki dinləmə adı qoyulan tədbirdə aşağı səviyyəli təmsilçiliyin təmin olunması göstərir ki, burada heç də demokratiyaya dəstək qarşıya məqsəd qoyulmayıb. Son illər ABŞ sanki Azərbaycandakı demokratik qüvvələrlə küsülüdür, onlarla məsafə saxlayır, müxalifətlə ciddi ünsiyyət saxlamır. Konqresdə dinləmə adı altında qeyri-ciddi bir toplantının keçirilməsi və toplantıya dəvətlilərin siyahısı da bunu sübut edir. ABŞ-da demokratiyanın hazırkı vəziyyətə düşməyinin bir səbəbi də Amerikanın və digər Qərb ölkələrinin demokratik prosesə yanlış yanaşmaları ilə bağlıdır. Hansı ölkəyə ABŞ demokratikləşmə adı altında yardım edibsə, sonda orada ya dövlət çevrilişi olub, ya da vətəndaş müharibəsi baş verib. Misir, İraq, Liviya və Ukraynaya demokratikləşmə adı ilə müdaxilənin nəticələri göz önündədir. Bu, onu göstərir ki, onlar yanlış istiqamətdə dəstək verirlər. 

Azərbaycan müxalifəti uzun illərdir dinc mübarizə aparır, Qərbdən, ABŞ-dan heç bir ciddi dəstək yoxdur. Amma kimsə hətta söz səviyyəsində radikallıq edirsə, ABŞ-ın diqqətini cəlb edir. Bundan biz sevinməməliyik. Suriyada da illərlə dinc müxalifətə dəstək vermirdilər, elə ki, ortaya radikal, silahlı müxalifət çıxdı, ABŞ başladı hər cür dəstək verməyə. Suriyanın bugünkü aqibəti isə göz önündədir. ABŞ birinci növbədə ümumiyyətlə dünyada demokratiyaya dəstək verməyin yolun düzgün tapmalıdır".

Oxu 298 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.