“Mirmahmud Mirəlioğluna haqqımıhalal etmirəm” – Elşən Əlisoy

Bu məqaləni qiymətləndir
(1 Səs)

Klassik Xalq Cəbhəsi Partiyasının Məclis üzvü Elşən Əlisoy AXCP-dən çıxarılması ilə bağlı açıqlama verib. E.Əlisoy bu barədə facebook səhifəsində yazıb. Xeber.İnfo həmin açıqlamanı təqdim edir:

“Dəyərli dostlar! Mən və əqidə dostlarım 17 ildir ki, KXCP Ağsu rayon şöbəsinin üzvüyük. Mən KXCP -nin Ali Məclis üzvüyəm. Ağsuda ictimai fəallar deyəndə və ya hansısa tədbir keçiriləndə yaqin ki, bizi tanıyan insanların hər birinin yadına biz düşürük. Ölkədə gedən siyasi proseslərin əksəriyyətinin iştirakçısı, Ağsu rayonunda aparılan siyasi və ideoloji mübarizənin isə hər zaman önündə olmuşuq. Mən 2003-ci ildə seçki saxtakarlığına etiraz edərkən Azadlıq Meydanında rejimin polisləri tərəfindən həbs olunmuşam və işgəncələrə məruz qalmışam. Bu gün də həmin işgəncələrin nəticəsində sağ qolum demək olar ki, şikəst olub. 6 ay həbsxanada olduqdan sonra 4 il şərti cəza ilə azadlığa çıxmışam. Həbsxanada olan davranışımla bağlı mənimlə birgə həbsxanada olan insanlar danışa bilərlər. (Bəxtiyar Hidayət, Ramil Carcili, Bəhruz Əsədbəyli,) Sınmamışam, əksinə həbsxanada da mübarizəmi və iradəmi ortaya qoymuşam. Həbsxanadan çıxdıqdan sonra da siyasi fəaliyyətimi əzmlə davam etmişəm. Hər zaman təşkilatçı olmuşam və yaşadığım rayon sakinlərinin siyasi fəallığını artırmaq üçün dostlarımızla birgə tədbirlər keçirimişik və bir çox sosial layihələr ortaya qoşmuşuq. Polis bölmələrində olduğum günlərin isə sayını itirmişəm. Heç bir zaman Rəsulzadə - Elçibəy idealarına sadiqliyimi irtirməmişəm, cümhuriyyətçilik və Bütöv Azərbaycan davasında mən də fəal insanlardan biri olmuşam. Dəyərli dostlar! Bütün bunlara verilən qiymət isə bu oldu. KXCP Ağsu rayon şöbəsi 29 yanvar 2017-ci ildə 5-6 nəfərlə iclas keçirərək mənim son parlament seçkilərində KXCP-nin Ağsu rayonundan olan namizədini müdafiə etməməyimi əsas gətirərək mənim və dəyərli silahdaşım Nemet Elturanın partiyadan çıxarılması haqqında qərar qəbul edib. ( Mən bu mövqeimi əsalandıraraq partiya rəhbərliyinə məlumat vermişəm. Aramızda olanların üzərinə getmək istəmirəm ) Baxmayaraq ki, KXCP-nin nizamnaməsində göstərilir ki, haqqında intizam tənbehi həyata keçirilən partiya üzvünə müvafiq orqan tərəfindən xəbər verilməlidir. Mənə bu barədə heç kim məlumat verməyib və haqqımda müzakirənin aparıldığı iclasa heç kim çağırmayıb və çağırdıq gəlmədi deyənlər yalan danışırlar. Mənim bundan bir aydan çox vaxt keçdikdən sonra xəbərim olubdur. Bunu da mənə KXCP-nin təşkilat şöbəsinin Elşən Həşimov adlı müdiri zəng edərək deyib ki, siz partiyadan çıxarılmısınız. Elşən Həşimov mənə dedi ki, Bununla bağlı Ağsu rayon şöbəsinin sədri bizə iclasın protokolunu təqdim edibdir. Mən anladım ki, bir aydan sonra mənə məlumat vermək isə düşünülmüş şəkildə mənim şikayət hüququmun əlimdən alınması üçün edilibdir. Nizamnamədə göstərilir ki, KXCP üzvü haqqında verilən qərardan 1 ay ərzində yuxarı orqanlara şikayət verə bilər. Bildiyiniz kimi mənim rayon şöbəsinin qərarı haqda məlumatım 1 aydan sonra olubdur. Mən bununla bağlı MNTK-ya şikayət etdikdə isə məlum oldu ki, mənim çıxarılmamla bağlı olan iclasın protokolu bunlara cəmi 1 gün qabaq verilibdir. Yəni üstündən 1 ay 10 gün keçdikdən sonra. Mən çıxarılmağımızla bağlı gələn tapşırığın kim tərəfindən verilməsini öyrənmək üçün mübarizə apardım. Baş verən proseslərdən sonra mənə məlum oldu ki, bizim partiyadan çıxarılmağımız üçün tapşırıq bir başa KXCP sədri Mirmahmud Mirəlioğlu tərəfindən verilib.

Dəyərli dostlar! Aprel ayının 2-də keçirilən Ali Məclisinin iclasında bizim çıxarılmağımızın təşəbbüskarlarından olan KXCP Ağsu rayon şöbəsinin sədri Yaqub Babalı mənim fəaliyyətimin aşağılanması üçün çıxışlar etdi. Mən onun çıxışına cavab vermək istədikdə isə Mirmahmud Mirəlioğlu mənim iclasdan çıxmağımı xahiş etdi. Mən də təbii ki, sədrimizin xahişini nəzərə alaraq iclasdan çıxdım. Baxmayaraq ki, mən Ali Məclis üzvüyəm və sədrin ali məclis üzvünü çıxartmaq hüququ yoxdur. Bunun qarşılığında Yaqub Babalıya danışmaq üçün imkan verildi. Baxmayaraq ki, əslində çölə çıxmalı adam Yaqub Babalı idi. Çünki o adam ali məclis üzvü deyil. Ali Məclis üzvünü çölə çıxartmaqla cavab hüququnu əlindən almaq və ali məclis üzvü olmayan adama gündəlikdən kənar mövzuda danışmağa şərait yaratmaq bütün mətləblərə aydınlıq gətirir. Necə deyərlər Mirmahmud Mirəlioğlu tərəfindən güdaza verildiyimi dərk etdim. Nəzərinizə çatdırım ki, iclasdan çıxarıldığım gün mənim üçün çox önəmli bir gün idi. Kəlbəcərin işğal günü ali məclisin iclasından çölə çıxarıldım. Bu mənim üçün işğalla birgə yadımda qalan bir tarixdir və bunu heç kimə bağışlamayacam. Əgər bu 17 ildə Mirmahmud Mirəlioğlunun üzərində haqqım varsa onu da halal etmirəm.

Dəyərli dostlar! Bundan sonra KXCP nin aidiyyəti qrumlarına bir çox müraciətlərimiz oldu. Çox təssüf ki, hamısı zibil yeşiyinə atılıbdır. Bundan sonra bəlkə də münasibətlərimiz düzələr deyib Əbülfəz Bəyin ideya müəllifi olduğu 24 aprel Bütöv Azərbaycan Gənclər Gününü Ağsu rayonunda gənclərin iştirakı ilə geniş şəkildə keçirdik. Ancaq məlum oldu ki, 24 Aprel Bütöv Azərbaycan Gənclər günündə partiyanın idarə heyyətinin iclasında bizim çıxarılmamızla bağlı qərar təsdiqlənibdir və MNTK Ağsu rayon şöbəsinin bizim çıxarılmamızla bağlı verdiyi qərarın düzgün olması haqqında rəy verib. Bu mənim həyatımda aldığım böyük zərbələrdən biri idi. Məhz gənclər günündə partiyanın gənclərini partiyadan uzaqlaşdırdılar. Yaqin ki, bununla bağlı Allaha verdikləri hesabatla bərabər Əbülfəz bəyin ruhu qarşısında da hesabat verəcəklər. Mənimlə bərabər partiyanın 2 fəal özək təşkilatınıda kənarda saxladılar. Onların tək günahları isə mənim dostlarım olmalarıdır.

Dəyərli dostlar! Partiyada hətta şəhid ailəsi olaraq əldə etdiyimiz evin belə müzakirəsi gedibdir. Baxmayaraq ki, mən yaşadığımız problemlərlə bağlı və şəhid ailəsi olaraq mənzillə təmin edilməmizlə bağlı Azərbaycan Respublikasının prezidenti və Ağsu rayon icra hakimiyyəti haqda məhkəmələrdə rəsmi iddia irəli sürmüşəm. Bununla bağlı mənə dəstək olan və problemimizi gündəlikdə saxlayan mətbuat orqanlarına və QAT sədri AkifNağıya ailəmiz adından təşəkkürümü bildirirəm. Bunlar bir şəhid ailəsinin çətin durumdan qurtulmalarına sevinmək əvəzinə kədərləndilər və haqqımda şayələr yaymaqla məşğul oldular. Əbülfəz bəyə mənəvi bağlılığı olan təşkilatda belə hallar olmalı deyildi, görünür Əbülfəz bəy sadəcə bir çoxları üçün şüardan ibarətdir.

Dəyərli dostlar! Mən Mirmahmud bəyin 17 il dayanmadan təbliğatçısı olmuşam. Məni tanıyan hər kəs bilir ki, bu illər ərzində mənim partiyadan kənar şəxsi həyatım demək olar ki, olmayıb. Qohumlarımla üz-göz oldum. Mənim fəaliyyətimə görə ailəm illərlə əziyyət çəkdi. Ancaq Mirmahmud bəy, bizdən qabaqkıların ömürlərinə vurduğu balta kimi bizim də əməyimizi baltaladı. Bu illər ərzində partiyanın uğursuzluqlarını tənqid edən insanlara qarşı ən çox əks-təbliğat aparan insanlardan biri olduğum üçün, haqqında pis danışdığım və yazdığım cəbhədaşlarımdan üzr istəyirəm. Onlar haqlı imişlər. Mənim nizamnamə tələblərini pozduğumu deyib, çıxarılmam üçün tapşırıq verən dəyərli Mirmahmud Mirəlioğluna bu sualları ünvanlamaq istəyirəm.

1. Hörmətli Mirmahmud bəy, illərlə AXCP adına iddia edib, ad uğurunda mübarizə apardıqdan sonra partiyanın adının dəyişdirilməsi, sizin qələbənizdir yoxsa məğlubiyyətiniz?

2. Hörmətli Mirmahmud bəy, sizin üzərinizdə partiyanın tanınmış və əziyyəti olan insanları qorumaq borcunuz olduğu halda o insanların təşkilatdan getmələri və ya uzaq salınmaları kimin əməyidir, onlar hamısı satqındırlarmı?

3. Hörmətli Mirmahmud bəy, sizin partiyanı müxalifətin aparıcı təşkilatı etmək vəzifəniz olduğu halda bu gün KXCP-nin kölgədə saxlanılması və ildönümləri qeyd edən təşkilat halına gətirilməsi kimin əməyidir?

4. Hörmətli Mirmahmud bəy, siz Əli Həsənovla mənası olmayan və bütün məsələlərin ancaq prezident administirasıyasından gələn "İqtidar-Müxaliftə görüşləri" ində iştirak edərkən bizim bir cəbhəçi olaraq icazəmizi almışdınız və ya mövqeimizi öyrənmişdinizmi?

5.Hörmətli Mirmahmud bəy, hakimiyyətin Azərbaycan xalqının qanının sorulması hesabına keçirilən Avropa Oyunları adlı lazımsız bir şouda iştirak edərək bu tədbirin dövlətimiz üçün uğurlu olduğunu deyib selife çəkdirəndə siravi cəbhəçilərin hansı duruma düşdüklərinin, sizin bu mövqeinizi tənqid edənlərə cavab verə bilməyə çətinlik çəkdiklərinin fərqindəydinizmi?

Bütün bu olanlar KXCP-nin siyasi və ideoloji kursuna uyğun idimi? Bütün bunları özünüz etdiyiniz halda bizim xırda bir pozuntuya görə dişimiz və dırnağımızla qurduğumuz təşkilatımızdan çıxarılmamıza səy göstərməniz nə anlam veri?

Dəyərli cəbhədaşlarım! Bildiyiniz kimi bir müddət öncə mən təşkilatdan öz ərizəmlə istefa vermişdim. Partiya rəhbərliyinin xahişi ilə istefamı geri götürdüm. İndi anlayıram ki, istefamın geri götürülməsinə edilən çalışmaların məqsədi mənim qərarla çıxarılmamı təşkil etmək olubdur. Yani istefa vermədi, biz çıxartdıq. İndi isə istefa vermək fikrim yoxdur. Məsələ Ali Məclisdə müzakirə ediləcək. Sizlərdən ədaləti mövqe gözləyirəm. Özünüz bir balaca tarixə nəzər salın. Bizdən qabaqkıların başına gətirilənlər, indi bizim başımıza gətirildi. Yaqin ki, sabah da bütün bunlar sizin başınıza gətiriləcək. Bu gün ömrünün böyük hissəsini Mirmahmud bəyə həsr edən tanıdığımız insanlar var ki, onlara qarşı son dövürlər aparılan kompaniya gizli olsa da görünməz deyil. Biz yenə öz yolumuzda, öz məfkurəmizdəyik. İstənilən siyasi partiyaya üzv ola bilərik və bütün siyasi təşkilatlar bizim üzvlüyümüzü arzu etdiklərinə də inanıram. Belə olan halda düşünün, partiyanın fəal gənclərinin kənarlaşdırılması kimə lazımdır?

Oxu 549 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.