Avropa Parlamenti Azərbaycanın qarşısına şərt qoydu

Bu məqaləni qiymətləndir
(0 səs)
''Bütün siyasi və vicdan məhbuslar azad edilməyənə qədər yeni müqavilə bağlanmamalıdır''
 
Avropa Parlamenti iyulun 4-də Avropa İttifaqının Azərbaycanla yeni müqavilənin bağlanması ilə bağlı şərtlər siyahısını tərtib edib.
 
"Turan” agentliyinin məlumatına görə, qərarda deyilir ki, yeni müqavilə əsas azadlıqları, korrupsiya ilə, çirkli pulların yuyulması və vergilərdən yayınma ilə mübarizəni təmin etməlidir.
 
Danışıqlarda tövsiyələr 564 lehinə, 69 əleyhinə, 47 bitərəf olmaqla qəbul edilib.
 
Tövsiyələrə əsasən, Avropa Komissiyası və Avropa İttifaqının xarici siyasət rəhbəri gələcək müqavilənin təkcə böyük şirkətlərə deyil, Azərbaycan və Aİ vətəndaşlarına sərfəli olmasını təmin etməlidir.
 
Bundan başqa tövsiyələrdə deyilir ki, müqavilə Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya hörmət, qanunların aliliyinin, yaxşı idarəçilik, insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsi fonunda olmalıdır.
 
"Azərbaycan hakimiyyəti yaddan çıxarmamalıdır ki, yeni, geniş müqavilə ölkənin Aİ-nin əsas dəyərləri və hüquqlarına əməl etmədiyi şəraitdə ratifikasiya edilməyəcək. Danışıqlar bitənə qədər Azərbaycanda bütün siyasi və vicdan məhbusları azad edilməlidirlər”, - qərarda deyilir.
 
Avroparlamentin tövsiyələrində insan haqlarının müdafiəsi, əsas azadlıqlar və dinc toplaşma azadlıqlarının təmin edilməsində Azərbaycana yardım edilməsinin vacibliyi də qeyd edilib.
 
Qərarda həmçinin icra hakimiyyətindən asılı olmayan, müstəqil məhkəmə sisteminin təmin edilməsi üçün islahatların dəstəklənməsi də qeyd edilib.
 
"İqtisadi cinayətkarlıqla, korrupsiya, çirkli pulların yuyulması, vergilərdən yayınma ilə mübarizədə konkret addımlar atılmalıdır, "Laundromat” (pulların yuyulması) işi çərçivəsində araşdırma aparılmalıdır”.
 
Tövsiyələrdə deyilir ki, bundan sonra da Azərbaycanda azad və plüralistik KİV-lərə dəstək göstərmək, onların ölkədə dominant olan siyasi və oliqarx qruplardan müstəqilliyini, Aİ standartlarına uyğun olmalarını dəstəkləmək lazımdır.
 
Avroparlamentin üzvləri ümid etdiklərini bildiriblər ki, əgər danışıqların tempi sürətlənsə və əsas şərtlər yerinə yetirilsə yeni müqavilə Aİ-Şərq Tərəfdaşlığının 2019-cu ilə nəzərdə tutulan sammitində imzalana bilər.
 
Bundan başqa deputatlar Aİ-ni Avroparlament razılıq verməyənə qədər müqavilənin qüvvəyə minməməsi məsələsində təkid ediblər.
 
Parlamentdə Azərbaycan üzrə məruzəçi Norika Nikolay deyib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır.
 
"Yeni, geniş müqavilənin imzalanmasının vaxtı çatıb. Bugünkü səsvermə göstərir ki, Avropa Parlamenti Azərbaycanda demokratik standartlara baxımından proqresə nail olmaq üçün baş verən hadisələrə diqqətlə yanaşacaq.
 
Hazırda Aİ ilə Azərbaycan arasında münasibətlər 1999-cu ildə imzalanmış əməkdaşlıq haqqında müqavilə əsasında formalaşıb. Yeni müqavilə üzərində danışıqlar 2017-ci ilin fevralında başlayıb.
 
Bir müddət əvvəl "Turan” agentliyi Brüsseldə olan diplomatik mənbəyə istinadən xəbər vermişdi ki, rəsmi Bakının nümayəndələri danışıqlarda siyasi və iqtisadi blokla bağlı məsələlərin həllini hər yolla ləngidir.  
 
Demokratiyanın tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin sədri Anar Məmmədli Meydan TV-yə qətnamənin qəbul edilməsini gözlənilən olduğunu dedi.
 
"Qətnamə ilə bağlı uzun müddət idi hesabat hazırlanırdı, sənəd çərçivəsində Avropa Parlamentinin qrup nümayəndələri son 6 ayda 2 dəfə Azərbaycanda oldular. Eyni zamanda, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Bakıya səfər edib, dövlət və qeyri-dövlət təşkilatları ilə görüşdü. Nəticədə bu hesabat ortalığa çıxdı”.
 
Onun sözlərinə görə, hesabat qəbul edilənə qədər də Avropa İttifaqı təmsilçiləri Azərbaycanda insan hüquqlarının vəziyyətindən şikayətlənirdilər.
 
"Bundan əlavə qanunun aliliyi, vətəndaş cəmiyyətinin problemləri, siyasi baxışlara görə təqibləri gündəmə gətiriblər. Bu sənəd beynəlxalq həmrəylik sənədidir. Bununla Avropa Parlamentinin 564 üzvü Azərbaycandakı siyasi repressiyalara biganə olmadıqlarını göstərdilər və açıq şəkildə ifadə etdilər ki, rəsmi Bakı ilə dünya birliyi qarşısındakı öhdəliklərə hörmət edəcəyi təqdirdə əməkdaşlıq etmək olar. Əks təqdirdə Bakı ilə Brüssel arasında imzalanacaq saziş Avropa Parlamentində ratifikasiya olunmayacaq. Bu, çox ciddi xəbərdarlıqdır və rəsmi Bakı bundan nəticə çıxartmalıdır. Hakimiyyət bundan sonra Avropa Parlamenti ilə əməkdaşlıq etmək üçün məlum sənəddəki müddəalara önəm verməlidir”.
Anar Məmmədli
 
Anar Məmmədli hökumətin qətnamədən nəticə çıxaracağı haqda danışmaqda çətinlik çəkir:
 
"Hər halda hakimiyyət son zamanlar belə təbliğat qurmağa çalışırdı ki, Avropa Şurası ilə münasibətləri pisləşsə də, Avropa İttifaqı ilə münasibətlər tənzimlənir, sazişin imzalanması istiqamətində işlər gedir. Aparılan bu təbliğat çərçivəsində qətnamə göstərdi ki, vəziyyət heç də hakimiyyətin dediyi kimi deyil. Brüsselin tərəfdaşa çevrilməsi üçün insan hüquqları əsas şərtdir. Baxmayaraq ki, hakimiyyət təmsilçiləri Avropa İttifaqının müxtəlif strukturları ilə dil tapmağa çalışırlar, müəyyən tədbirlər hazırlayırlar. Amma Avropa Parlamentinin böyük susqunluğuna nail olmaq mümkün olmayacaq. Sənəd tarixi olduğu üçün münasibətlərə təsirini gösrtərəcək”.
Oxu 377 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.