İnsanlıqdan uzaq 65 yaş senzi...

Bu məqaləni qiymətləndir
(0 səs)

ABŞ-da prezident seçkilərində iştirak üçün namizədləri müəyyənləşdirəcək ilkin səsvermə kampaniyası son fazaya daxil olub.Sağların ilkin namizədi demək olar ki, bilinir. Nə qədər maraqlı olsa da, parlaq koloriti ilə seçilən milyarder Donald Tramp respublikaçıları bu ilin payızında təmsil edəcək. Kovboy təfəkkürlü Tramp mühafizəkar düşüncəli seçicilərin əksəriyyətinin rəğbətini qazana bilib. Sol düşərgədə qeyri-müəyyənlik hökm sürsə də, çevrə 2 potensial namizədlə hüdudlanıb- Klinton və Sanders. Demokratların namizədi bu 2 şəxsdən biri olacaq. Müraciət etdiyim ABŞ-dakı seçki mövzusunun Azərbaycan siyasətində təzahürlərini müzakirə niyyətindəyəm. Dünyanın aparıcı dövlətinin əsas seçkilərində namizəd seçiminə yaş nöqteyi nəzərindən qiymət vermək istəyirəm.

Namizədlərə keçməmişdən əvvəl bu yaxınlarda Moskvaya səfəri ilə dünya siyasi gündəminə "möhür vurmuş" 92 yaşlı Henri Kissencer təəccübümə səbəb olmuşdu. Bu ixtiyar nəinki həyat qabiliyyətlidir, hətta dünya gərdişinə təsir imkanlarını da qoruya bilib. Digər kürəsəl təsirli politoloq Zbiqnev Bzejinski də 89-cu baharına qədəm qoyub. Görünür, bioloji yaşla bağlı güclü dövlətlərdə yanaşma fərqlidir. ABŞ konqresi və senatında xeyli sayda nümayəndə 80-nin o tərəfindədir. İndi isə namizədlərə diqqət yetirək. ABŞ ictimai rəyi gələcək prezidenti 70-lər civarında görməyə üstünlük verdi. Belə ki, Tramp-70, Klinton-69, Sanders-74 yaşlıdır. Gələnəkli ABŞ-ın siyasi idarəçiliyə yanaşmasında bioloji yaş, daha çox təcrübə və idarəçilik bilikləri ilə dəyər aldığı, gətirdiyim misallardan əyani şəkildə görünür. Dünyanın aparıcı dövlətlərindən sayılan Böyük Britaniyanı da 90 yaşlı 2-ci Yelizaveta idarə edir. Operativ hakimiyyətə malik olmayan kraliça, ölkənin siyasi müqəddəratına da məsuldur. Həqiqətən də, dərindən düşündükdə dövlət menecmentinin eksperimental fəaliyyət olmadığı qənaətinə gəlirsən. Bu baxımdan, təcrübəli şəxslərin dövlət idarəçiliyində təmsil olunması mühüm mahiyyət kəsb edir. Bizdə bu məsələnin necə olduğuna diqqət edək. Hakim idarəçi komandanın tərkibində ixtiyar yaşlı şəxslərin çoxluğu aydın nəzərə çarpır. Onların sırasında vəzifəsini yaxşı icra edən də, fərsizi də vardır. Lakin dövlət idarəçiliyində ağsaqqal çağlı şəxslərin sıxlığının yüksəkliyi şəraitində, büdcə təşkilatlarında yaş həddi 65-ə çatmış mütəxəssislər amansızcasına işdən qovulur, təqaüdə məhkum edilir, faktiki cəmiyyət üçün yararsız şəxsə çevrilirlər. Bu verdiktin həm psixoloji, həm maddi, həm də fiziki baxımdan öldürücü olduğu şübhə doğurmamalıdır. Özü də bu əməliyyat cəmiyyətin gözü qarşısında seçimli tərzdə həyata keçirilir. "Yuxarılara" bağlılığı olanlar fiziki imkanları olmadıqda belə işdə saxlanılır, "adamsızlar" isə dərhal qovulurlar. Bu gün tibb sahəsində müəssisə rəhbəri tanıyıram ki, işə qundağda gətirilir, işdə "Pampers"i dəyişdirilir və faktik olaraq pul saymaqdan savayı heç bir əqli funksiyaya malik deyildir. Bununla belə bir neçə yüz nəfərlik kollektivə rəhbərlik edir. Belə nümunələrin qarşılığında yüzlərlə yüksək ixtisaslı müəllim, həkim, klerk adamsızlıq ucbatından cəmiyyətin arxivinə göndərilir. Maraqlı bir sual ortaya çıxır. Necə olur ki, gətirdiyim və müdafiə etdiyim nümunələrdə olduğu kimi 80-90 yaşlı şəxslər dünya idarəçiliyində, ABŞ kimi dünya divinin yönləndirilməsində, Azərbaycanın hakim komandasında miqyaslı işlərdə çalışa, çoxmilyonlu toplumları idarə edə bilir, lakin sıravi həkim və ya müəllim bir xəstə və ya auditoriya ilə bacara bilmir? Nədir belə eybəcər standartlara səbəb? İnsanlıqdan uzaq 65 senzi kimin ideyasıdır? Deyim. Kimin ideyası olduğunu bilməsəm də, səbəbini hesablamaq çətin deyil. Bu qərar nəhəng korrupsiya mexanizminin bir elementidir. Zamanın amansız gedişatı ilə 65-i haqlamış minlərlə "adamsız"ların boşalmış yerlərinin yeni təcrübəsiz mütəxəssislərə hansı üsulla "verildiyini" orta statistik vətəndaş bilməmiş deyil. İşə götürülmə qiymətlərini bilən istənilən şəxs, sadə riyazi hesablama ilə ilk nəzərdə ziyansız görünən bu əməliyyatın korrupsiya ideoloqlarına hər il nə qədər çirkli vəsait qazandırdığını saymaq mümkündür. Təcrübəli və vərdişli mütəxəssisin isə daha təcrübəsizlə muzd qarşılığında əvəzlənməsi isə ilk növbədə savadsızlığa və xəstəliyə yol açır. Təəssüf olsun ki, korrupsiya Azərbaycanı hər sahədə dağıtmaqdadır. Haqqında yazdığım seqment də axsayan tərflərimizdən biridir. Mənfur 65 senzi mühümdürsə, hamıya və bütün sferalarda tətbiq edilməli, deyilsə, onda hər yerdə ləğv edilməlidir. Dünya təcrübəsi də göstərir ki, iş qabiliyyəti fiziki yaşla bağlı deyil. Bunu isə 65 senzinin ideoloqu olan çağdaş yapçılar bilməmiş deyil. YAP-ın qurucusu və əvəzsiz lideri, mərhum prezident Heydər Əliyev hakimiyyətə 74 yaşında qayıtdı və 10 il müddətində məhsuldar şəkildə fəaliyyət göstərdi.

Əli Əliyev 

Vətəndaş və İnkişaf Partiyasının sədri

Oxu 361 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.

Günün videosu