Thursday, November 23, 2017

"Azərbaycan iqtidarı bu cinayətə susqunluqla reaksiya verir" Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Əli Əliyev: “Fazil Məmmədovun adı “Panama sənədləri”ndə keçir - Azərbaycan iqtidarı bu cinayətə susqunluqla reaksiya verir”

Vətəndaş və İnkişaf  Partiyasının  (VİP)  sədri  Əli Əliyev  “Panama papers” qalmaqalında adları keçən Azərbaycanın yüksək məmurlarının cəzasızlığına dair münasibət bildirib. Ə.Əliyev Xeber.İnfo-a bunları deyib: 

“Bu gün və sabah Londonda korrupsiya ilə mübarizə motivli sammit keçiriləcəkdir. “Panama papers” üzə çıxdıqdan sonra, dünya ictimai fikri oradan kimin adlarının çıxacağını və kürəsəl miqyaslı korrupsiyanın hüdudları barədə informasiya gözləntisindədir. 

Panamageytdə adı hallanan Böyük Britaniya baş naziri Kemeronun belə mötəbər sammitə ev sahibliyi etməsi şəxsi maraqlarla yanaşı, Krallığın “təmizliyinin” təsbiti məqsədi də güdür. Çünki dünya gündəliyinin birinci ifadəsinə çevrilmiş “ofşor” termini, məhz kraliça 2-ci Yelizavetanın təbəələrinin istifadə etdiyi maliyyə aləti kimi tanınıb. Ofşor bölgələr Krallığın tabeçiliyində olan ada dövlətlərdə şəbəkələnməsi ilə yanaşı, Yeni Zellandiya və Avstraliya kimi dominion ölkələrdə də sığınacaq tapmışdır. 

Yeni xəbər bu gün yayılıb. Kraliça ilə görüş zamanı Kemeron daha bir ehtiyatsızlığa yol verib. Kameraların işləməsini fərq etməyən baş nazir, ən korrupsiyalaşmış ölkələr kimi Əfqanıstan və Nigeriyanı Kraliçaya təqdim edib. 
Panama sənədlərinin ortaya çıxması ilə korrupsiya KİV-lərin əsas mövzusuna çevrilib. Təbii ki, London sammiti bir daha bu mövzunu aktuallaşdıracaq.

Bizim üçün də bu mövzu kifayət qədər doğmadır. Çünki adı çəkilən sənədlərdə Azərbaycana aidiyyatlı şəxslərin də adı yer alır. Özü-özlüyündə ofşorla əlaqəli olmaq cinayət olmasa da, vergidən yayınmaq təşəbbüsü, hakimiyyətlə əlaqəli olaraq orada vəsait yerləşdirmək kimi əməllər oğurluq statusunda qiymətləndirilir.

Qanunla biznes fəaliyyəti qadağan edilmiş şəxslərdən hələlik adı üzə çıxmış bir məmurumuzun- Vergilər naziri Fazil Məmmədovun adı bu sənədlərdə keçir. Azərbaycan iqtidarı bu cinayətə susqunluqla reaksiya verir. Mədəni və demokratik dövlət olsaydıq, belə biabırçılıq ictimai rezonans doğurar, hökümət izahat verərdi. İqtidarın susması bir daha onun ictimai maraqlara hörmətsizliyinin bariz təsdiqidir.

Sonda Kemeronun adını çəkdiyi dövlətlərlə bizim Azərbaycan olaraq, məsafəmizə baxaq. Bu sahədə ixtisaslaşmış ən mötəbər qurum sayılan Transparency İnternational-ın reytinq listində cəmi 168 dövlətin adı yer alıb. Əfqanıstan və Nigeriya müvafiq olaraq 166 və 137-ci yerlərdə qərarlaşıblar. Azərbaycan isə Qayana, Rusiya və Syerra Lyone ilə birlikdə 119-122-ci sıraları bölüşür.

Bizimlə bağlı badaş olan Rusiyadan ofşor bölgələrə fantastik məbləğdə 1.3 trilyon ABŞ dolları qədər vəsait qaçırıldığı Qərb mass-mediasında yer alıb. Görəsən bizimkilər ölkədən nə qədər vəsaiti oralarda gizlədə biliblər? “Panamageyt”in açılması gözlənilən 1 milyondan artıq sənəd aşkarlandıqdan sonra, yəqin bu sualın cavabı da bilinəcək”.

Cavad Bədəlov

Oxu 483 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.