Tuesday, September 26, 2017

Partiya sədri “Eurovision-2016” mahnı müsabiqəsindən yazdı

Bu məqaləni qiymətləndir
(1 Səs)

Əli Əliyev: “Yenə bizim rusbaşlar ixtisaslaşmış münsiflərin adından ən yüksək qiyməti torpaqlarımızı işğalda saxlayan Rusiyaya verdilər”

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində “Eurovision-2016” mahnı müsabiqəsinin nəticələrini Qərb-Rusiya qarşıdurması kontekstində dəyərləndirib. Həmin yazını təqdim edirik:

“Günün mövzusu Eurovizion müsabiqəsidir. Nəticə Azərbaycan üçün pis sayılmamalıdır. Nədən, sonda yazacağam.

Bu ilki müsabiqədə xeyli yeniliklər var idi. Avstraliya yarışmaya qoşulmuşdu, Türkiyə iştirakdan imtina etmişdi, final ilk dəfə Çinə və ABŞ-a translyasiya edilirdi, səsvermə qaydaları yenilənmişdi. Tədbirin təşkilatçıları yüksək səviyyədə icra işləri görmüşdülər.

İllərdir ki, bu miqyaslı tədbirlərin siyasi kontekstə malik olduğunu müşahidə edirik. Siyasi maraqların mövcudluğu başa düşülməlidir. Bu ilki konkurs da istisna olmadı.

Avropa Ukrayna nümayəndəsini qalib etməklə, coğrafiyasında yaşanan ən qabarıq problemə münasibətini ifadə etdi. 2-ci Dünya müharibəsindən sonra ilk dəfə bir dövlətin güc üstünlüyündən dolayı digər dövlətin ərazisini ilhaq hadisəsi dünya düzəni üçün ciddi təhdid kimi qavranılır. Rusiya yarımadanı işğal etdikdən sonra, Krımın əsl sahibləri-türklərə qarşı növbəti vandalizm mərhələsi başlayıb.

Belə vacib məqamda Ukrayna PR texnoloqları ifaçını və kompozisiyanı uğurlu seçmişdilər. Məsələnin siyasi mahiyyətini bir tərəfə qoysaq, Camalanın məharətinə və tembral imkanlarına kölgə salmadan performansı yüksək qiymətləndirmək lazımdır. Səhnə tərtibatı da texnoloji baxımdan əla idi. Beləliklə, siyasi aktuallıq və yüksək sənətkarlığın simbiozu məntiqi nəticəni vermiiş oldu.

Səsvermə dünyanın Krımın işğalını unutmadığını, Ukraynanın yanında olduğunu, Krım türklərinin əsrlərlə apardığı mübarizəyə dəstək verdiklərini bariz şəkildə ortaya qoydu. Maydan hərəkatında, mənə görə, Ukraynanın real müstəqilliyə yolun başlanğıcında dirənişin ən parlaq qəhrəmanlıarından biri Eurovizionun Ukraynadan olan qalibi Ruslana idi. İnanıram ki, Camala da Ukrayna mücadiləsində Vətəninin və Məmləkətinin dayağına çevriləcək. Krım qardaşlarımızın Azadlıq simvolu Mustafa bəy Cəmilovun silahdaşına çevriləcəkdir. Qələbə ərəfəsində keçirdiyi mətbuat konfransı zamanı, Rusiyanın odioz Life news kanalının sualına cavab verməkdən imtina etməklə, özünün mübarizə yolunun konturlarını nümayiş etdirdi.

Bəli, Camalanın anası ermənidir, Dağlıq Qarabağ haylarındandır. Bu millətin nümayəndələrinin özünün musiqi biliklərinin formalaşmasında iştirakını gizlətmir. Ancaq bu qızcığaz özünü atası kimi müsəlman sayır, atasının mənsub olduğu millətin- Krımlı tatarların yanında, mübarizəsində olduğunu açıq şəkildə ortaya qoyur. Türk tarixi başqa millətlərdən olan anaların minlərlə misalını tanıyır. Bununla belə, böyük keçmişimizdə atalarının yolu ilə gedən, südə yox sümüyə çəkən xeyli sayda sərkərdə və hökmdarlarımız, şərəfli nümayəndələrimiz var, Camala da onlardan biri ola bilər.

Narahatlıq doğuran hadisə də diqqətdən yayınmadı. Yenə bizim rusbaşlar ixtisaslaşmış münsiflərin adından ən yüksək qiyməti torpaqlarımızı işğalda saxlayan, bizim müstəqilliyimizə əngəl Rusiyaya verdilər. Bir daha sübut olundu ki, həmin münsiflərə təsirə malik siyasi instansiya milli və dövləti maraqları deyil, hakimiyyətinə, bununla da yalnız öz şəxsi maraqlarına problem yarada biləcək dövlətə tapındılar. Mövcudiyyatına görə Rusiyaya borclu ermənilər isə ən yüksək münasibəti Avropa Birliyinin 2 birincisindən Fransaya verdilər. Rusiyaya isə səhv etmirəmsə, ən aşağı 1 bal verildi. Hakimiyyət zəif, xalqdan deyil xarici amildən asılı olduqda, belə hal ortaya çıxa bilir.

Sonda müsabiqənin bizim üçün pozitiv olanını deyək. Ukraynanın apardığı mübarizə, yarışmada Rusiyanı yenməsi bizim də işimizə yarayır. Çünki biz də, iqtidarın özünü necə aparmasından asılı olmayaraq, müstəqillik və azadlıq savaşının içindəyik. Bu mübarizənin açıq və gizlin məqamları vardır. Ukrayna bizim və bizim kimi digərlərinin də təbii müttəfiqidir. Onun apardığı svaşda qalibiyyəti bizə də çatacaq. Çünki onun uğuru bizə mane olanın zəifləməsi fonunda baş verəcək. Camalanın musiqi uğuru rusların da əziyyət çəkdiyi Kreml dəstəsinin çökdürülməsində mühüm vəsilə olacağına əminəm. Çünki bu qələbəni ona Avropa, Qərb ictimai rəyi təqdim etdi”.

Oxu 395 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.