Ruhaninin Bakı səfərindən gözləntilər

Bu məqaləni qiymətləndir
(1 Səs)

“İran Azərbaycanın xeyrinə addım atmayacaq”

Natiq Miri: “Ermənistan bütün zamanlarda İran üçün geosiyasi faktordur”.

Fikrət Sadıxov: “ABŞ və Avropa İranı hələ də obyektiv dövlət hesab etmir”.

İran prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfərinin vaxtı açıqlanıb. Ruhaninin səfəri 8-10 avqust tarixinə planlaşdırılır. Qeyd edək ki, bu görüşlər Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə 3 tərəfli keçiriləcək. Ruhaninin səfəri zamanı Rəşt-Astara dəmir yolunun tikintisi və ya maliyyəşdirilməsi ilə bağlı ilkin müqavilə imzalanması gözlənilir. Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü Dağlıq Qarabağa hansı təsiri göstərəcək? Azərbaycanın regionda roluna nə kimi təsiri olacaq?

“Cümhuriyət”ə şərhində politoloq Natiq Miri bu görüşlərdən sonra Azərbaycanın geosiyasi əhəmiyyətinin artacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan Rusiya və İranı birləşdirəcək körpü ölkədir: “Ruhaninin Azərbaycana səfəri 3 prezidentin görüşü ilə əlaqəli səfərdir. Bu səfər əsasən Şimal-Cənub Dəhlizinin yekunlaşması ilə bağlıdır. Bu, geosiyasi baxımdan çox əhəmiyyətli hadisə olduğu üçün düşünürəm ki, bu səfər çox böyük önəm daşıyır.

Eyni zamanda bu görüş çərçivəsində Şimal-Cənub Dəhlizi kontekstində Azərbaycanın da geosiyasi əhəmiyyəti artacaq. Çünki Azərbaycan Rusiya və İranı birləşdirəcək körpü ölkədir. Bu baxımdan da Azərbaycan həm Rusiya, həm də İran iqtisadiyyatı üçün çox əhəmiyyətli rol oynayacaq. Bu hadisədən sonra hesab edirəm ki, həm Rusiya, həm də İranda Azərbaycana qarşı münasibət dəyişməlidir”.

Bu görüşlərin Qarabağ münaqişəsinə də təsirinə toxunan N.Miri qeyd edib ki, Rusiya bu məsələdə özünə rəqib istəmir. Politoloqun fikrincə, İran Dağlıq Qarabağ münaqişəsində həlledici siyasi faktor ola bilməz: “Bu münasibət dəyişərsə, Qarabağ məsələsinə də müəyyən qədər təsiri olacaq. Düşünürəm ki, İran Qarabağ məsələsində o qədər də aktiv deyil. İranın Ermənistana ciddi təsir edəcəyini də düşünmək olmaz. Çünki Ermənistan bütün zamanlarda İran üçün geosiyasi faktordur. Ermənistan türk dövlətlərinin arasında yerləşmiş xristian dövləti olduğu üçün bu İranın fars şovinizm siyasətinə uyğundur. Ona görə də İranın birmənalı şəkildə Azərbaycanın xeyrinə bir davranış sərgiləyəcəyini düşünmürəm. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu məsələdə Rusiya o qədər də maraqlı deyil. Çünki Rusiya bu məsələdə özünə rəqib istəmir. İran sadəcə olaraq, Qarabağda gedən prosesləri dəstəkləyici bir ölkə kimi çıxış edə bilər. Ancaq həlledici bir siyasi faktor ola bilməz”.

Politoloq Fikrət Sadıxov isə vurğulayıb ki, bu görüş hər 3 dövlətin ümumi maraqlarına xidmət edəcək. Onun sözlərinə görə, bu görüşdə terrorizmlə mübarizədə gündəmə gələcək: “Bu, əslində, yaranmaqda olan, öz konturlarını açıq bildirən alyans bu 3 dövlətin ümumi maraqlarını nəzərə alan alyansdır. Burada hər 3 dövlətin maraqlarına xidmət edəcək bir sıra məsələlər müzakirə olunacaq.

Bu görüşlərdə ilk növbədə, nəqliyyat, iqtisadi və istisna deyil ki, terrorizmə, separatçılığa qarşı da bir sıra məsələlər müzakirə olunacaq. Çünki hər 3 dövlət terrorizmdən əziyyət çəkən ölkələridir. Mən əminəm ki, bu məsələ də gündəmdə öz əksini tapacaq”.

İranın Dağlıq Qarabağ münaqişəsində roluna toxunan F.Sadıxov İranın bu münaqişəyə müsbət təsirinə inanmadığını bildirdi. Onun sözlərinə görə, İranın Qarabağ probleminin həllində yaxından iştirakına Qərb ölkələri imkan verməyəcək: “Aydındır ki, Rusiya həm strateji tərəfdaş, həm də bir partnyor kimi Dağlıq Qarabağ məsələsində uzun illərdir məşğuldur. İranın isə bu məsələlərdə yaxından iştirak etməsi və hansısa bir problemi həll etməsi şübhə altındadır. İranın Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməsinə Qərb ölkələri imkan verməyəcək. Çünki ABŞ və Avropa İranı hələ də obyektiv dövlət hesab etmir. Digər səbəb isə ondan ibarətdir ki, biz özümüzdə düşünmürük ki, İranın bu məsələdə vasitəçiliyi bizə hansısa bir xeyr gətirsin. İranın Ermənistanla münasibəti müxtəlif sahələrdə kifayət qədər yaxındır. Biz bunu yaxşı başa düşürük. Hesab etmirəm ki, İranın fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa müsbət təsirini göstərsin”.

Oxu 322 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.