"Cəbhədə yaranan gərginlik birinci vitse-prezidentin təyinatı ilə bağlıdır" - Əli Əliyev

Bu məqaləni qiymətləndir
(1 Səs)

Müxalifət cəbhədəki gərginliyin səbəbkarını göstərdi

ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, baş verənlər Rusiyanın Azərbaycana qarşı hərbi təzyiqidir: “Hər hansı bir irəliləyişin olacağını düşünmürəm. Bu, Azərbaycanda baş verən hakimiyyət məsələləri ilə bağlıdır və bunu Rusiyanın Azərbaycana qarşı hərbi təzyiqi kimi dəyərləndirirəm. Yəni baş verənlər Mehriban xanımın birinci vitse-prezidentliyə gətirilməsinə bir reaksiyadır. Ona görə də düşünürəm ki, heç bir irəliləyiş olmayacaq. Aprel savaşı ilə bu hadisələr eyni deyil. Bir şeyə diqqət edin ki, Xocalı soyqırımı günü biz ermənilərə hücum etmək əvəzinə, onların bizə qarşı hücuma keçmələrinə, beynəlxalq ictimaiyyətin diqqətində bir daha özlərini ədalətsiz duruma salmalarına nə ehtiyac var idi? Bu, onu göstərir ki, baş verənlər ermənilərin öz iradəsi ilə olmayan hadisələrdir. Bu ilin aprel ayında da cəbhədə vəziyyətin ötən il olduğu kimi, gərginləşəcəyinə inanmıram. Çünki indi Rusiya tərəfindən Azərbaycan və Ermənistana, tam olaraq nəzarət olunur. Hadisələr isə yalnız Rusiyanın maraqlarına uyğun olaraq baş verir. Bu hadisələr nə ermənilərin, nə də azərbaycanlıların xeyrinədir”.

VİP sədri Əli Əliyev də bildirdi ki, cəbhədə vəziyyətin gərginləşməsində Rusiya faktorunun təsiri var: “Müharibənin yenidən alovlanmasını ölkənin daxilində gedən siyasi proseslərlə bağlayıram. İlk növbədə hesab edirəm ki, bu, birinci vitse-prezidentin təyinatı ilə bağlıdır. Faktiki olaraq siyasi varisin göstərilməsi, hesab edirəm ki, şimal qonşumuzu çox narahat edib. Hamı bilir ki, Ermənistan xüsusilə də hərbi müstəvidə Azərbaycana qarşı əzələ nümayişinə cürət etməz. Baş verənlər açıq şəkildə göstərir ki, bu, erməni siyasi çevrələrinin kənardan ruhlandırılması ilə həyata keçirilib. Bundan əlavə, ölkə başçısı Münhen sammitində bölgə ilə bağlı regional paneldə Moskvanı çox ciddi şəkildə tənqid edən, Estoniya prezidenti, Ukraynanın keçmiş baş naziri Yatsenyuk və Gürcüstanının prinsipial mövqe sərgiləyən baş naziri ilə bir sırada əyləşib, mövqe nümayiş etdirib. Bu mövqe fərqli olsa da, hər halda, hesab edirəm ki, onlarla bir sırada əyləşmək artıq Moskvaya mesaj kimi qəbul oluna bilərdi. Bunların davamında isə Cənub Qaz Dəhlizi layihəsinin Bakı toplantısı da məsələyə təsir etdi. Moskva hər bir faktora etiraz edir. Hesab edirəm ki, buna görə də məhz erməni silahlı birləşmələrinin Azərbaycanla təmas xəttində fəallaşma müşahidə olunur. Burada cəmiyyətin bütün seqmentlərinin və o cümlədən də müxalifətin mövqeyi bir olmalıdır. Hakimiyyətin vəzifəsi cəmiyyətin bütün kəsimlərini bir araya gətirməkdir. Artıq böyük dövlət tərəfindən Azərbaycana qarşı başqasının əli ilə həyata keçirilən təcavüzün qarşısını almaqda vahid milli platformanın formalaşdırılması üçün hərəkətə keçmək vaxtıdır. Azərbaycanın islahatlar yoluna çıxması, torpaqlarını azad etməsi üçün milli barışığa, ölkədaxili anlaşmaya ehtiyac var”.

AĞ Partiyanın sədri Tural Abbaslı cəbhədəki itkilərin onları da narahat etdiyini dedi: “Lakin bir məsələ var ki, torpaq uğrunda ölən varsa, vətəndir. Unutmamalıyıq ki, ərazisinin 20 faizi işğalda olan dövlətin vətəndaşlarıyıq. Tarixdə çox nadir hallarda döyüşlə itirilən torpaqlar, danışıqlarla geri qaytarılıb. Biz istənilən halda torpaqlarımızı döyüşlə qaytarmalı olduğumuzu yaddaşımızda saxlamalıyıq. Həm müxalifət, həm də hakimiyyət belə bir vəziyyətdə ordunun yanında olmalıdır. Əhaliyə, xalqa eyni mesajlar ünvanlanmalı və qətiyyən Qarabağ üzərindən hakimiyyət oyunu oynanılmamalıdır. Partiya olaraq Müdafiə Nazirliyinin addımlarını dəstəkləyirik və buna yuxarıda qeyd etdiyim səbəblərdən dolayı, məcburuq. Döyüş başladılsa, siyasət bitməlidir. Düşünmürəm ki, bu döyüşlər uzunmüddətli olacaq. Çünki nə Azərbaycan, nə də Ermənistan hakimiyyəti həlledici döyüşün başlamasını istəmir. Sadəcə olaraq, düşünürəm ki, hər iki tərəfdə yaşanan siyasi hadisələr cəbhədəki vəziyyətə rəvac verir”.

Oxu 1080 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.