“Heç kimə sirr deyil ki, narkomaniya Azərbaycan cəmiyyətinin əsas problemlərindən biridir” Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Teymur Ələsgərov: “Siyasi hakimiyyət ölkədəki narkomaniyanı kasmetik şəkildə ört-basdır etməyə can atır”

 “Azərbaycanda narkomaniya xeyli cavanlaşıb. 20-25 yaş arasında kütləviləşmə daha çox olsa da, 12-13 yaş həddində olan yeniyetmələrin də narkomaniyaya bulaşdığının şahidi oluruq”. Bu sözləri ictimai-siyasi fəal Teymur Ələsgərov deyib.

T.Ələsgərov hesab edir ki, Azərbaycanda digər sahələrdə olduğu kimi narkomaniya sahəsində də korrupsiya halları kifayət qədərdir: “Hər il narkomaniya və pis vərdişlərlə mübarizə adı ilə büdcədən milyonlarla vəsait ayrılır. Bu sahədə görülən iş isə sadəcə bir neçə tədbir keçirib, şəkil çəkdirməkdən ibarətdir. Hətta bu sahədə qanun layihələri təsdiq olunub, ölkə başçısının xüsusi sərəncamları var. Nəticələr isə tam əksinədir. Çünki konkret iş görülmür. Ölkəni ümumilikdə narkomanlar şəhərciyinə çeviriblər. Beynəlxalq hesabatlarda da Azərbaycanda narkomaniyanın artması ilə bağlı faktlara rast gəlirik. ABŞ Dövlət Departamentinin “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası” adlı hesabatına görə, Azərbaycan əsas narkotranzit ölkələrdən biridir. Sənədə görə, Azərbaycan Efqanıstandan və Mərkəzi Asiyadan Qərbi Avropaya, o cümlədən İrandan Rusiyaya, oradan da Qərbi Avropaya qədər olan narkotranzit marşrut boyunca yerləşən bir ölkədir. Hətta hesabatda göstərilən marşrutlardan birində Azərbaycana gələn “mal”ın buradan Ermənistana keçirildiyi də bildirilir. Bu hesabatın 2007-ci ilə aid olan hissəsində isə Azərbaycanda 180-200 min narkoman olduğu deyilir ki, onların da 30-35 faizi tələbələrdir. Lakin Azərbaycan hökumətinin rəsmi statistikasında bu rəqəm 18 min göstərilir”.

T.Ələsgərov vurğulayıb ki, Azərbaycan hökumətinin rəsmi statistikasına inansaq 2007-ci ildən bu günə qədər narkomanların sayının fantastik dərəcədə artdığını müşahidə edərik: “Nəinki kişilərin arasında, hətta gənc xanımların narkotikə meyillənmələri ciddi təhlükədən xəbər verir. Məsələn, hökumətinin rəsmi statistikasında göstərilir ki, 2005-ci ildə 1483, 2006-cı ildə 1297, 2007-ci ildə 2687, 2008-ci ildə 2256, 2009-cu ildə 2230, 2010-cu ildə 2185, 2011-ci ildə 2353, 2012-ci ildə 1999, 2013-cü ildə 1878, 2014-cu ildə 1509 və 2015-ci ilin ilk 6 ayında 1235 nəfər ilk dəfə  narkoman kimi qeydiyyatdan keçib. Bu statistikaya başqa amilləri də əlavə eləsək çox böyük rəqəm alınar. Yəni Azərbaycanda ictimai qınaq hələ də bu kimi halların gizlədilməsinə əsas səbəbdir. Bu rəqəmlər dəfələrlə azaldılsa da, biz dəqiq bilirik ki, ən ağır formada narkotikdən asılı olanların siyahısıdır. Minlərlə şəxs var ki, onları ailələri qoruduqları üçün rəsmi qeydiyyata düşmürlər. Hesab edirəm ki, ölkədə narkomanların dəqiq statistikası hazırlansa çox faciəli vəziyyətdə olduğumuzu yaxından anlayarıq”.

 T.Ələsgərov narkomanlar 35-40 ilden artıq yaşaya bilmədiklərini də qeyd edib: “Spirtli içki, siqaret, narkotik maddə ömrü qısaldır. Onların arasında ən çox təsir narkotikdədir. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Çünki qəbul etdikcə, təsiri hiss etmək üçün dərəcəni artırmalıdır. Demək istəyirəm ki, bir müddətdən sonra narkotik istifadəçiləri xəstə hesab olunurlar. Onların qeydiyyata alınmaları da məhz müalicə olunmaları üçün nəzərdə tutulur. Bildiyimiz kimi, narkotik vasitələr səbəbindən müxtəlif xəstəliklər yaranır. Ölüm kabusuna çevrilən xəstəliklərin əksəriyyəti də keçici xarakterli olur. Yəni müxtəlif vasitələrlə sağlam insanlar da belə xəstəliklərə yoluxa bilərlər. Narkotik istifadəçisi olaraq ağır xəstəliklərin daşıyıcıları nəinki müalicə və nəzarət altına alınır, əksinə onlar cəmiyyətdə ağır cinayətkar kimi təqdim olunur və həbsxanalara salınırlar. Hökumətin bu istiqamətdə bir dənə də proqramı yoxdur. Vardırsa, buyursun təqdim eləsin. Ölkədə bir dənə də olsun normal narkodispanser yoxdur. Ancaq çox şəraitsiz formada ucqar yerlərdə günün böyük hissəsini qapısının bağlı olduğu bəzi kabinetlərə rast gəlmək mümkündür. Lakin milyonlarla vəsait sadəcə tarixləri dəyişməklə guya yeni layihələr həyata keçirmək üçün büdcədən silinir. Heç kimə sirr deyil ki, narkomaniya Azərbaycan cəmiyyətinin əsas problemlərindən biridir. Bu ilin ilk 6 ayında 12764 boşanma olub. Ekspertlər isə ölkədəki boşanmaların əsas səbəbini narkomanlıqda, sosial problemlərdə və xəyanətdə görürlər. Bax Azərbaycanın gələcəyi bu cür xarakterizə olunur. Siyasi hakimiyyət isə var gücü ilə bu kimi problemləri kasmetik şəkildə ört-basdır etməyə can atır”.

Oxu 956 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.