Thursday, November 23, 2017

“Qələbə bayramını mənəviyyatsız adamlar qeyd edir” - Sərdar Cəlaloğlu

Bu məqaləni qiymətləndir
(0 səs)

Alman faşizmi üzərində qələbədən 72 il ötür. Böyük Vətən müharibəsi 1418 gün davam edib. Müharibə dövründə sovetlər birliyindən 27 milyona yaxın insan həlak olub.

Alman faşizmi üzərində qələbənin təmin olunmasında azərbaycanlıların da rolu az olmayıb.

1941-1945-ci illər ərzində 600 mindən artıq azərbaycanlı ən qızğın bölgələrdə döyüşüblər. Onların 300 mindən çoxu həlak olub.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalayıb, bununla da Böyük Vətən müharibəsi başa çatıb.

Bəs, 9 may Qələbə günü Azərbaycanda qeyd olunmalıdırmı? Bu tarixdə Bakıda parad keçirilməlidirmi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu BakiPost.az-a müsahibəsində mübahisə doğuran açıqlamalar verib.

- Sərdar bəy, niyə Qələbə günü Azəbaycanda parad olmur?

- Fəlsəfədə qələbə anlayışı birmənalı deyil. Bir dövr üçün qələbə başqa dövrdə məğlubiyyətdir və yaxud bir xalqın qalibiyyəti başqası üçün məğlubiyyətdir. O baxımdan qələbə yayğın bir anlayışdır. Sadəcə, məsələnin kökünə baxmaq lazımdır.

2-ci Dünya Müharibəsi iki dövlət - Almaniya və sovet Rusiyası arasında başlayıb. Onların arasındakı sazişə əsasən Hitler Çexslovakiyanı, Stalin Pri-Baltikanı, Ukraynanın Qərbini işğal eləmişdi.

Amma tərəflərin müqaviləsi Polşa üzərində olan danışıqlarda pozuldu. Biz müharibənin başlanmasında Hitleri ittiham edirik. Ancaq sazişi pozan tərəf sovet Rusiyası idi və müqavilənin şərtlərinə əməl etmədi.

Ona görə də sovet Rusiyası müharibənin başlanmasına səbəb oldu və dünyanın gücü ilə qələbə qazandı.

O zaman Mhatma Qandi ABŞ prezidenti Ruzveltə məktub yazmışdı ki, müharibə başa çatdı, amma sizi təbrik etmirəm. Çünki bu savaş bir şərin o biri şərə qalib gəlməsi idi.

- Belə çıxır ki, siz 300 min azərbaycanlının həlak olduğu, Həzi Aslanov kimi milli qəhrəmanın iştirak etdiyi müharibədə şərin şərə qalib gəldiyini hesab edirsiniz?

- Siz məsələyə fərdi yanaşırsınız. Mənim atam, babam da orda həlak olub. Ona görə deməməliyəm ki, ədalətsiz müharibədə iştirak etmisiniz? Bu ədalətsiz müharibədə Həzi Aslanov fərd kimi şücaət göstərib.

Həzi Aslanov ədalətsiz müharibədə qurban olub. Biz qurbanlara təbii ki, hörmət edirik. Ancaq bu müharibə dünyanın bölüşdürülməsi idi və bizim kimi xalqlar da qurban gedib.

Həzi Aslanov müharibədə vuruşub deyə biz ruslara haqq verməliyik? Hitlerə qarşı vuruşan həmin sovet ordusu Azərbaycan xalqına qarşı da döyüşüb. O dövrdəki rəhbərliklə 90-ci ildə sovetə rəhbərlik edən rusların fərqi nə idi?

Əlində silahı olmayan insanları 20 yanvarda tələf ediblər. Həmin ordunun qələbəsini niyə bayram etməliyəm? Bu da faşist ordusudur da.

Bu bayramı düşüncəsi, mənəviyyatı olmayan insanlar qeyd edə bilər. Bu müharibə mənim idealım olan Qandinin dediyi kimi, bir şərin o bir şərə qalib gəlməsidir. Güclü şər zəif şəri məğlub edib. Mən Qandi kimi fikirləşirəm.

- Ədalətsiz müharibədir deyə sovet ordusu əl-qolunu sallayıb Hitlerin, faşizmin işğalına tamaşa etməliydi?

- Faşizm bir ölkədə olmur ki... Rusiyada başıqırxıq faşistlər indi də var. Onları dövlət himayə edir.

Hətta Putin onları qəbul edib görüşmüşdü. Dünyanın hər yerində faşist partiyaları fəaliyyətdədir. Avropada faşist partiyaları parlamentdə yer tutur, hakimiyyətə gəlir.

Ümumiyyətlə, biz hansısa müharibənin başa çatmasından danışa bilmərik. Dünyanın neçə yerində, o cümlədən Qarabağda müharibə gedir. Qarabağda müharibə gedən ölkədə qələbə günü qeyd olunmamalıdır

Dünyada indi elə lokal müharibələr var ki, 2-ci Dünya Müharibəsindən daha çox itkilər olur. Məsələn, İraq, Suriyada milyonlarla insan ölür, Qarabağda münaqişə davam edir. Bu halda hansı qələbədən, faşizmin harda bitdiyindən danışmaq olar?

Elə 2-ci dünya müharbəsi başa çatandan sonra Koreyada, Vyetnamda, Əfqanıstanda müharibələr başladı və Hitlerlə müharibədən daha çox burda itkilər oldu.

Oxu 624 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.