Köçkün şəhərciklərində fövqəladə vəziyyət: əhali soyuqdan donur

Bu məqaləni qiymətləndir
(0 səs)

Yanvarın 16-dan etibarən Bakı şəhərindəki bütün məcburi köçkün şəhərciklərində və binalarda istiliyin verilməsi dayandırılıb. Buna səbəb "Azəriqaz" İstehsalat Birliyinin "Azəristiliqtəchizat" ASC-nin məcburi köçkün şəhərcikləri və çoxmərtəbəli binalardakı qazanxanalarına təbii qazın verilişini dayandırmasıdır

Mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan məcburi köçkün şəhərciklərində əsil fövqəladə vəziyyət yaranıb. Belə ki, dünəndən Müşfiqabad, Mehdiabad və Masazır qəsəbələrində məcburi köçkün şəhərciklərində, habelə Bakı və Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdığı bütün ərazilərdə istiliyin verilməsi dayandırılıb.

Masazırdakı məcburi köçkün şəhərciyindən redaksiyamıza verilən məlumata görə, istiliyin verilməməsinə səbəb buradakı 16 ədəd beşmərtəbəli binanı istiliklə təmin edən qazanxananın qaz təchizatının dayandırılmasıdır. Bildirilir ki, soyuq qış günlərində çətin vəziyyətdə qalan məcburi köçkünlər bir sutkadır ki, istiliyin verilməməsindən əziyyət çəkdiklərini deyirlər. İstiliyin verilməməsi Masazır qəsbəsindəki məcburi köçkün məktəbinin də işini pozub. Belə ki, şagirdlər soyuq sinif otaqlarında otura bilmədiyindən dərslər dayandırılıb.

Koordinat.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün "Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb. "Azəristilik" ASC Masazır və digər qəsəbələrdə yerləşən məcburi köçkün şəhərciklərində istiliyin verilməsinin dayandırıldığını təsdiqləyiblər. Bildirilib ki, qəsəbədəki bütün mənzilləri istiliklə təmin edəcək qazanxanalar işlək vəziyyətdə olsa da, "Azəriqaz" İB qazanxanaların qaz təchizatını dayandırıb. Buna səbəb isə "Azəristiliktəchizat” ASC ilə "Azəriqaz" İB arasında yaranan borc problemidir. Bildirilir ki, məsələdən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də xəbərdardırlar, problemi məhz Dövlət Komitəsi ilə "Azəriqaz" ASC öz aralarında həll etməlidir.

"Azəristiliktəchizat” ASC-də bəyan edirlər ki, "Azəriqaz" məcburi köçkün şəhərciklərindəki qazanxanaları təbii qazla təmin edəcəyi halda qazanxanalar deərhal işə düşəcək və mərkəzləşdirilmiş qaydada bütün mənzillərə istilik veriləcək. Əks halda hazırkı vəziyyətin nə qədər davam edəcəyi qeyri-müəyyən olaraq qalır.

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə deyib ki, Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyinin təbii qaz təchizatında heç bir problem yoxdur. Onun sözlərinə görə, hazırda məcburi köçkünlərin məskunlaşdığı bütün binalara və həmin binaları istiliklə təmin edən qazanxanalara normal qaydada təbii qaz verilir: "Əgər məcburi köçkünlərin məskunlaşdıqları binalarda istiliklə bağlı problem varsa, "Azəristiliktəchizat" ASC ilə əlaqə saxlasınlar. Çünki hazırda həm məcburi köçkünlərin məskunlaşdıqları binalara, həm də qazanalara təbii qaz verilişində heç bir məhdudiyyət yoxdur".

Oxu 264 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.