Aprel müharibəsində yaralanan Fazil intihar etdi

Bu məqaləni qiymətləndir
(0 səs)

Aprel döyüşlərində böyük igidlik göstərmiş 26 yaşlı Fazil Abdiyev intihar edib.

Bu barədə Criminal.az saytı məlumat yayıb. Məlumata görə, F. Abdiyev dünən Tovuz rayonunda yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuz rayon İcra hakimiyyətinin şəhər üzrə icra nümayəndəsi Yaşar İbrahimov F.Abdiyevlə bağlı açıqlama verib: ''Fazil ailə təhsilli idi. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdi. Çox sakit, ağıllı uşaq idi. Onun haqda xoş sözlər deməklə bitən deyil, sanki bu dünyanın adamı deyildi''.

Keçmiş döyüşçü F.Abdiyevin döyüş yolundan danışan icra nümayəndəsinin sözlərinə görə, o, aprel döyüşlərində də böyük şücaət göstərib.

''Qızğın döyüşlərdə ağır yaralanmışdı. Hətta bu gün yasda eşitdim ki, o, bir müddət ölən əsgərlərin içərisində qalıb, sonradna sağ öldüğunu bilib hospitala çatdırıblar. Hərbi xidməti başa vurandan sonra rayon rəhbərliyinin diqqətində idi. İşlə təmin edildi, tikinti şirkətində iş icraçısı işləyirdi. Dünən qardaşı və atası iş dalınca gedib. Xəstəxanada tibb bacısı işləyən anası isə növbədə olub. Evdə heç kimin olmamasından istifadə edən Fazil özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil. Lakin ölümündən bir neçə gün əvvəl qonşularına deyib ki, yoldaşlarının ölümü ona pis təsir edib. ''Niyə onlar öldü, mən ölmədim’’ deyərək təəssüflənib. Görünür, müharibə, döyüşlər onda acı iz buraxıbmış...'' - deyə Y.İbrahimov bildirib.

Fazil Abdiyevin atası Arif Abdiyev Modern.az-a açıqlamasında oğlunun intihar səbəblərindən danışıb: "Fazil aprel hadisələrindən sonra özünə gələ bilmirdi. Tez-tez deyirdi ki, "niyə döyüş dostlarım şəhid oldu, mən isə sağ qaldım?” Bunu özünə sığışdıra bilmirdi. Aprel hadisələrinin ildönümü ərəfəsində efirdə şəhidlərlə bağlı verilişlərə baxanda günlərlə özünə qapanırdı. Müharibə havası beynində idi. O günləri dəhşətlə xatırlayırdı. Psixoloji olaraq özündə olmurdu.Otaqdan çölə çıxmırdı. Anası nə qədər sakitləşdirici dərmanlar verirdi. Son 3 gün ərzində yaxşı idi”.

Arif Abdiyev deyir ki, sosial şəbəkələrdə yazıldığı kimi, oğlunun işlə bağlı problemi olmayıb.

"Fazil tikinti şirkətində iş icraçısı ("prorab”) işləyirdi. Özünə nəsə edəcəyini düşünmürdüm. Əgər bilsəydim ki, belə bir hadisə olacaq, ona nəzarət edərdim. Bu gün səhər saatlarında işdə olmalı idi. Amma o, həyətimizdəki tövlədə özünü asıb. Bir ata üçün bunları söyləmək çox ağırdır”.

Oxu 667 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.