Müalicə ala bilməyən Qarabağ əlili vəfat etdi

Bu məqaləni qiymətləndir
(0 səs)

''Bakıda həkimlər ona 1500 manatlıq dərman yazdılar, müalicə də edə bilmədilər''

"Müharibədə ayağı yaralanmışdı. Uzun illər idi Şəkidə müalicə alırdı, ancaq yaralar sağalmırdı. Nəhayət, ayağını birtəhər sağaltdılar, qaraciyər problemləri çıxdı ortaya... Güclü müalicəyə ehtiyacı vardı, imkansızlıqdan müalicə ala bilmədi, xəstəlik serroza çevirdi. Bakıda həkimlər ona 1500 manatlıq dərman yazdılar, müalicə də edə bilmədilər. Sadəcə, səhlənkarlıq, məsuliyyətsizlik, biganəlik... O həkimlərə sual verərlər ki, müalicə edə bilməyəcəkdinizsə, bu adamın müalicəsi o 1500 manatlıq dərmanlarla başa gəlməyəcəkdisə, təqaüdlə dolanan kasıb, imkansız Qarabağ əlilinin yaxınlarını niyə bu qədər xərcə salırdınız?”

Bunu Meydan TV-yə müharibə əlili Cavanşır Abdullayevin ölümündən təsirlənən keçmiş döyüş yoldaşı, müharibə veteranı, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifova deyir.

Dərmanlarını keçmiş döyüş yoldaşları alıb

57 yaşlı Cavanşir Abdullayev 1-ci qrup Qarabağ əlili idi. O, mayın 17-dən 18-nə keçən gecə Şəkidə - yaşadığı evdə qaraciyər serrozundan vəfat edib. Keçmiş döyüş yoldaşları Meydan TV-yə danışırlar ki, bir neçə gün əvvəl Cavanşir Abdullayev müalicə olunmaq üçün Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Həkimlər onun müalicəsi üçün 1500 manatlıq dərman preparatları yazıblar. Dərmanları almağa döyüş yoldaşları köməklik edib.

Xəstəxanalar apteklərin planını doldurur

Keçmiş döyüşçü Əhməd Rəhmanov: "Onu xəstəxanaya mayın 6-da gətirmişdilər. Eşidib-bilən keçmiş döyüş yoldaşları şöbənin qabağına toplaşmışdılar. Resept olanda pul toplayıb qaçıb gedib dərmanları alırdılar. Cavanşirlə görüşə imkan verilmirdi ki, biz onun vəziyyətini bilək. Ancaq bilirdik ki, durumu günbəgün ağırlaşır, yazılan dərmanların da faydası olmur. Bir neçə gün saxlayandan sonra Cavanşir başa düşdü ki, onu burada müalicə etmirlər, sadəcə, apteklərin planını doldururlar. Ona görə də etiraz elədi, şöbə müdiri istədi onu bir az da reanimasiyada yatırdıb vaxtı öldürsün, Cavanşir razı olmadı”.

Dərman torbası əlində, çarəsiz xəstə...

Beləcə, 1-ci qrup əlil 1500 manatlıq dərmanla dolu torbasını da götürüb, xəstəxananı tərk etməli olub. Əhməd Rəhmanov deyir, Cavanşir Abdullayev xəstəxanada qaldığı günlər ərzində ona xəstəxana hesabına bircə şpris də verilməyib:

"Həkimlər dedi, nə tibbi ləvazimat var, nə dərman, gərək hər şeyi xəstənin adamları alıb versin. Həm ailəsi, həm də keçmiş döyüş yoldaşları birləşib 1500 manatlıq dərman aldı. Pambığa qədər özləri alıb həkimlərə verdilər. Ancaq etdikləri müalicənin zərrə qədər də təsiri olmadı. Orda xəstələr çox baxımsız vəziyyətdədir. Şöbə müdiri deyirdi, bunu (xəstəni) reanimasiya şöbəsinə qoyaq, ancaq orda tibb bacısı yoxdur. Gərək özümüz tibb bacısı ilə danışaq, gününə 25 manat verək, reanimasiya şöbəsində Cavanşirin xidmətində olsun. Ancaq buna maddi imkan yox idi. Cavanşir özü də narahat idi, heç kəsi xərcə salmaq istəmirdi. Görəndə vəziyyəti gündən-günə daha da pisləşir, Cavanşir həkimlərin əlində ölməkdən qorxdu və xəstəxananı tərk eləməli oldu”.

Ciblərinə pul basmasan, xəstəyə yaxın gəlmirlər

Bu arada Növrəstə Yusifova davam edir: "Bir neçə gündə yazılan dörd reseptə 1500 manatdan çox pul xərcləndi. Sistem şlanqına qədər bizə aldırdılar. Ciblərinə pul basmasan, tibb bacıları xəstəyə yaxın da gəlmir. Tibb bacısına pul vermədiyimiz üçün sistemi elə qoşmuşdu ki, dərman damara yox, dərinin altına getmişdi. Bir xəstə görüb, gedib tibb bacısını tapıb gətirmişdi. Cavanşirin qolları gömgöy idi. Oranın tibb bacıları çox qəşəng sistem qoşurlar. Sadəcə, pul verməyəndə xəstəni incidirlər”.

1526821962 2

Cavanşir Abdullayev yuxarıdan sağda

Beləcə, Cavanşir Abdullayev 1 saylı Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsini tərk edərək Şəkiyə qayıdır. Növbəti dəfə həkimlərə üz tutmaq istəmir, elə yaşadığı mənzildə canını tapşırır.

Tibb müəssisəsi: "Müalicələr xəstəxana hesabına aparılırdı”

1 saylı Kliniki Tibbi Mərkəzdən Meydan TV-yə bildirilib ki, Cavanşir Abdullayev xəstəxanaya qaraciyərin serrozu diaqnozu ilə qəbul edilib.

Mayın 17-dək xəstəxanada tibbi yardım alıb. Lakin xəstəxanaya gec müraciət etdiyi üçün ona müalicələrin effektsiz olduğu bildirilib. Mayın 17-də xəstə könüllü xəstəxananı tərk edib. Xəstəxanadan o da bildirilib ki, Qarabağ qazisinə bütün tibbi yardımlar xəstəxana hesabına olunub. 1500 manatlıq dərman reseptinə isə aydınlıq gətirilməyib.

Yaxınları deyir ki, Cavanşir Abdullayev xəstəxananı mayın 17-də səhər saatlarında tərk edib. Evə gələrək növbəti gün Şəkidəki Mərkəzi Xəstəxanaya getmək üçün hazırlaşıb. Lakin gecə saatlarında vəfat edib. 

Keçmiş döyüş yoldaşları Cavanşir haqqında danışırlar. Növrəstə xanım deyir, Cavanşir 1991-ci ildən döyüşə yollanıb. Şuşadan başlayıb, Ağdam, Goranboy, Tərtər, Ağdərə və başqa bölgələrdə döyüşüb. Ayaqlarından yaralanıb və müharibədən 1-ci qrup əlil kimi qayıdıb. Uzun illər ayaqlarını müalicə edib, daha sonra qaraciyər serrozu olub.

Oxu 198 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.