Qobustan sakini: “Xəstə oğlumu zorla əsgər göndərirlər” Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)
Qobustan sakini xidmət rəisindən şikayətçidir
 
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan Rayon Bölməsinin rəisi xəstə oğlumu zorla əsgər göndərmək istəyir. Həkim I dərəcəli skolioz və onurğa xəstəliyi diaqnozu qoysa da, xidmət rəisi "plan doldurmaq" xatirinə fikrindən dönmür".
 
Bunu Abşeron rayon Güzdək qəsəbəsi, S.Ə.Şirvanı küç.,ev 89-da yaşayan Nəriman Kərimov deyib. 
Mərdan Nəhmətov
 
"Oğlum onurğa xəstəliyindən əziyyət çəkir, fəqərə əyriliyi var" 
Nəriman Kərimov
 
O, Qobustan rayonu Təklə-Mirzəbala kəndində qeydiyyatda olduğunu, lakin işi ilə əlaqədar Güzdək qəsəbəsinə köçdüyünü bildirib: "Hazırda ailəmlə birlikdə Abşeron rayonun Güzdək qəsəbəsində yaşasaq da, Qobustan rayonunda pasport qeydiyyatında qalmışıq. Ona görə də neçə vaxtdır ki, Qobustan rayon Səfərbərlik İdarəsinin rəisi faktiki xəstə oğlum Kərimov Şərif Nəriman oğlunu nəyin bahasına olur olsun, "plan doldurmaq” naminə hərbi xidmətə göndərmək istəyir. Və bunun üçün də 3 iyul 2018-ci il tarixinə son bildirişi də ünvanımıza göndərib. Qoy olsun, amma adamı bir az eşitmək də lazımdır axı. Oğlum uzun müddətdir ki, onurğa xəstəliyindən əziyyət çəkir, fəqərə əyriliyi var". 
Şərif Kərimov
 
"Çox güman ki, Murovdağa göndərməyi planlaşdırır"
 
N. Kərimov deyir ki, ortada həkim rəyinin olmasına baxmayaraq, bölməsinin rəisi, polkovnik leytenant Mərdan Nəhmətov qərarında israrlıdır: "Respublika Xəstəxanasında Kəmalə Orucova adlı həkim onu müayinə etdikdən sonra onurğa əyriliyi və onurğa xəstəliyi diaqnozu qoymuş və bildirib ki, oğlunuz "Hərbi xəstəliklər cədvəlinin 66-cı maddəsi üzrə belə xəstəliklə hərbi xidmətə yararsız hesab olunur. Doğrudan da, Qanunvericiliyin 66-cı maddəsində qeyd olunur ki, onurğa əyriliyi və digər qazanılmış deformasiyalar funksiyalar cüzi pozulduqda hərbi xidmətə çağrılan vətəndaş "C” qrafası üzrə dinc dövrdə hərbi xidmətə yararsız hesab olunur. Lakin qanun mənim xəstə oğlumu dinc dövrdə hərbi xidmətə yarasız hesab etsə də, rəis Şərif Kərimovu birbaşa xidmətə yararlı hesab edərək 3 iyul tarixində çox güman ki, Murovdağa göndərməyi planlaşdırır". 
 
"Qolu tamamilə keyiyir, siniri tamamilə itir"
"Bir daha qeyd etmək istəyirəm ki, oğlum Şərif həqiqətən onurğa xəstəliyindən çox əziyyət çəkir. Bir azca hava sərin olan kimi sağ əlinin barmaqlarının ucundan çiyinlərinə kimi əvvəlcə rəngi göyərir və ağrı verir. Sonra isə bu qolu tamamilə keyiyir, siniri tamamilə itir. Ona görə də evdə ona heç bir fiziki iş gördürə bilmirik. Gecələr isə bel ağrısından yata bilmir. Səfərbərlik İdarə rəisinə dəfələrlə xahiş etmişik ki, Şərifə bir göndəriş yaz. Qoy Travmatalogiya İnstitutunda komissiya yoxlayıb rəy versin ki, onu hərbi xidmətə göndərmək olar, ya olmaz. İmkan vermir və göndəriş verməyə razı olmur. Hələ mənə kobud formada xəbərdarlıq etdi ki, sənin, deyəsən, birinci çağırışçı oğlunu müftə saxlatdığımıza görə dişinin dibində şirə qalıb. Ona görə istəyirsən ki, ikinci oğlunu da ordudan saxladasan”, - o bidirib. 
"Oğlumun hərbi biletini illərdir ki, şkafında "əsir” saxlayır"
 
Vətəndaş problemlə bağlı SHXÇDX-nin rəisi Arzu Rəhimova, müdafiə naziri Zakir Həsənova və hərbu prokuror cənab Xanlar Vəliyevə də məüraciət etdiyini deyib: "Həqiqətən də, kiçik oğlumun sağ qıçı tam yandığı üçün həkim komissiyası onu hərbi xidmətə yararsız yazmışdı. Mən də kasıb olduğum üçün "komissara” vaxtında "hörmət” edə bilmədim. Elə ona görə kiçik oğlumun hərbi biletini illərdir ki, şkafında "əsir” saxlayır, vermir. Bu adam başa düşmür ki, evdə 12 ildir ki, şəkərdən əziyyət çəkən həyat yoldaşıma pul-imkan dərdindən əlillik qrupu ala bilmirəm. İndi də böyük oğlumu müayinə və müalicə olunmadan əsgər göndərmək istəyir. Bir ata olaraq mən də razıyam ki, oğlum gedib vətəndaşlıq borcunu versin. Amma əvvəlcə sağaldın, sonra göndərin. Axı mənim pulum yoxdur ki, onu Bakıya, isti yerlərdən birinə saldırım. Murovdağda da "-" 20-26 dərəcə şaxtaya onun nə onurğası, nə də sol qolu tab gətirər. Belə olsa, oğlum Şərifin cəbhədən sağ-salamat qayıtması mümkünsüz bir məsələdir. Madam ki, Qobustan Hərbi Səfərbərlik İdarə rəisi qəti qərara gəlib, iki ayağını bir başmağa dirəyibsə, mən də o zaman cənab müdafiə naziri Zakir Həsənovdan xahiş edirəm ki, xəstə oğlum Şərifin əvəzinə ordu sıralarına məni göndərsin. Qoy mənə nə istəyir olsun. Son illər həm "Bank of Baku” dan, həm də "Beynəlxalq Bank"dan ayrı-ayrılıqda 3200 və 1200AZN kredit götürüb oğlumun müalicəsinə verdim. Xeyri olmadı. Ona görə də Ali Baş Komandan İlham Əliyevdən xahişim budur ki, hərbi çağırışçı oğlum Kərimov Şərif Nəriman oğlunun sağlamlıq durumunun hərbi həkim komissiyası tərəfindən yoxlanılmasına və müalicəsinə, daha sonra Qobustan rayon Hərbi Səfərbərlik İdarə rəisinin qanunsuz əməllərinə qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş versin".
Mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qobustan rayon bölməsinin rəisi Mərdan Nəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. 

Bölmədən isə Arqument.Az-a bildiriblər ki, vətəndaşın dedikləri həqiqəti əks etdirmir: "Bizdə həkim komissiyasında tanınmış və savadlı cərrah var. Biz kimisə göndərməkdə israrlı və ya qərəzli deyilik. Həkimlər nə qərar versə, ona uyğun addım atılacaq”.(Arqument.az)
Oxu 467 dəfə

Şərh verin

Siz (*) tələb olunan məlumatı daxil etdiyinizə əmin olun.Hansı ki, HTML kodu iczə verilmir.