Qardaşı: Dövlətə xəyanətdə suçlandı, öldürüldü, sonra ''ittiham sübuta yetirilmədi'' deyildi

Bu məqaləni qiymətləndir
(0 səs)

Sevdiyi orduda ölənədək döyülən zabit haqqında yaxınları danışır.

Süleyman Kazımov uşaqlığından əsgər olmağı arzulayıb.

Seyid ailəsində doğulan Süleyman on qardaşdan biridir. O, orta məktəbdəki təhsilini 9-cu sinifdə başa vuraraq, Bakıdakı Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub.

“Atam onu yolundan döndərməyə, hərbidən uzaqlaşdırmağa çalışdı. Bunu bütün ailəmiz istəyirdi” - deyə, S.Kazımovun qardaşı Dadaş söyləyir: “Ancaq alınmadı. O, vətənini, ölkəsini elə sevirdi ki... Həmişə “hərbiyə sevgi qanımdadır”, - deyirdi. Süleyman sanki elə hərbçi doğulmuşdu”.

S.Kazımov üç ildən sonra hərbi məktəbi bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

S.Kazımov hərbi təlimçi kariyerası boyunca rütbədən-rütbəyə qalxıb. O, Ağdamın N saylı hərbi hissəsində batalyon komandiri vəzifəsinə yüksələrək, bu vəzifədə 6 il çalışıb. Bundan sonra Tərtərə təyin edilib. Fəaliyyətini orada davam etdirib. S.Kazımov 34 yaşında 500-dən çox əsgər üzərində təlim-tərbiyə işləri üzrə komandir müavini rütbəsinə qalxıb.

Süleyman Kazımov balaca oğlu ilə birgə
Süleyman Kazımov balaca oğlu ilə birgə.

Ancaq bu uğurlar çox qısa zamanda bitib. 2017-ci ilin mayında S.Kazımov 200 nəfərə yaxın hərbi və mülki şəxslərlə birgə həbsxanalara götürülüb. Azərbaycan hökuməti inanırdı ki, həbs edilən şəxslər Ermənistan kəşfiyyatına xidmət göstərib, onlara məxfi məlumatlar ötürüblər.

Rəsmi media orqanları da bu kütləvi həbslər haqqında məlumat verirdi. Lakin yerli media həbsdə ölüm halları haqqında yazmağa başlayan zaman bir xəbər portalı müvafiq orqanlar tərəfindən rəsmi şəkildə xəbərdarlıq aldıqdan sonra bu haqda olan bütün xəbərlər mediadan yığışdırılırdı. Bundan sonra mövzu barədə yeni xəbərlər paylaşılmadı.

Həbs zamanı aparılan sorğuların ciddi işgəncələrlə müşayiət olunduğu bildirilir. Adlarının açıqlanmasını istəməyən mənbələr bildirir ki, aparılan sorğular nəticəsində çoxsaylı ölüm hadisələri olub. iFact.ge təəssüf ki, ölənlərin sayını dəqiqləşdirə bilməyib.

Məlum olan kapitan Süleyman Kazımovun ötən il mayın 7-də Mingəçevirdəki hərbi hissədə ölənədək döyülməsidir. Buna baxmayaraq, S.Kazımovun Cəlilabadda yaşayan ailəsinə onun avtomobil qəzasında həlak olduğu deyilib. Kapitanın cəsədi doğulduğu Amankəndə gətirildiyində ailəsinə bədənin göstərilməyəcəyi söylənib. Buna etiraz edən ailə üzvləri uzun sürən mübahisədən sonra yalnız S.Kazımovun üzünün onlara göstərilməsinə nail ola biliblər.

Kazımov 2015-ci ildə ailə həyatı qurub. İlk övladı Miryunis ağır beyin travması ilə dünyaya gəlib: “Süleymanın həkimdən ilk soruşduğu “Əsgərliyə gedə bilməyəcək? Azərbaycan necə bir əsgərini itirdi..” - oldu. O dərəcədə vətənpərvər insan idi qardaşım”, - deyə qardaşı Əhəd xatırlayır.

Həbsindən bir neçə gün öncəki istirahət günlərində S.Kazımov ailəsinə baş çəkib. Doqquz ay sonra, Süleymanın ölümündən sonra qızı dünyaya gəlib.

Süleyman Kazımov doğulduğu kənddə dəfn edilib
Süleyman Kazımov doğulduğu kənddə dəfn edilib.

Ölümündən sonra Kazımovun ailəsinə 11 000 manat sığorta pulu verilməklə yanaşı, onlara həmçinin, kapitanın aylıq əmək haqqısı 1050 manat da verilməkdə davam edir.

“Biz Tərtərdə xidmət etdiyi hərbi hissəyə gedəndə mayor ağlamağa başladı. Dedi ki, qardaşımın heç bir günahı olmayıb. Onu öldürənlər buna görə cəzalanmalıdırlar”, deyə D.Kazımov bildirir.

S.Kazımovun qardaşına onun çox ağır döyüldüyündən böyrək çatışmazlığının yarandığı və xəstəxanaya götürüldükdən sonra orada öldüyünü deyiblər. Dadaş Kazımov onu da deyir ki, instintaq əməliyyat qrupunun üzvü, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru Hümmət Məmmədov ona bu işə görə 13 nəfərin tutulduğunu və məhkəmədə onlarla üz-üzə gələcəyini deyib.

Kazımovun ailəsi və digər əsgərlərin də ailələri zabitlərin ölümündə günahkar olanların tapılması məqsədilə hərbi prokurorluğa müraciət ediblər. Müstəntiq Hümmət Məmmədova görə S.Kazımovun ölümündə təqsirləndirilən üç zabit var. Bu iş artıq məhkəməyə də göndərilib. Kazımovun adının çəkilməsini istəməyən qohumu deyir ki, H.Məmmədov onlara Süleymanın ölümünün anlaşılmazlıqdan olduğunu deyib.

Ayyarım sonra Kazımovun həyat yoldaşına hərbi prokurorluqdan onun ittiham edildiyi cinayət əməlinin sübuta yetirilməməsi və bu səbəbdən cinayət işinə xitam verilməsi haqda rəsmi sənəd də verilib.

“Bizə ancaq bir kağız parçası verildi ki, Süleymanın ittiham edildiyi dövlətə xəyanət cinayət işi dayandırılıb. Çünki bunu sübuta yetirə bilməyiblər. Biz onsuz da hamımız bilirdik ki, o, belə bir şey edə bilməz, günahsızdır”, - deyə kapitanın digər qardaşı Əhəd Kazımov bildirir.

Hərbi prokurorluqdan verilən sənəddə bildirilir ki, S.Kazımova qarşı irəli sürülən ittihamları sübut edilmədiyindən cinayət işinə xitam verilib
Hərbi prokurorluqdan verilən sənəddə bildirilir ki, S.Kazımova qarşı irəli sürülən ittihamları sübut edilmədiyindən cinayət işinə xitam verilib.

“Süleymanın cəsurluğu, mərdliyi onun ölümünə səbəb olub. Daha sonra öyrəndim ki, ondan kiminsə adını deməsi tələb edilib, yalan, ya doğru, bir ad çəkməliymiş, kiməsə böhtan atmalıymış, ancaq o, bunu etməyib. Bunu etməməyə gücü çatacaq dərəcədə mərd adam idi”, - deyə Ə. Kazımov bildirir. Əlavə edir ki, Kazımovlar ailəsi onun qardaşının adına vurulan ləkəni rəsmi şəkildə götürtmək niyyətindədir:

“Kənddə elə bir yer olmalıdır ki, onun ailəsi, yaxınları gedib onu orada ana bilsin. Yalnız mənim qardaşım yox, yalandan kiminsə adını çəkməyən, heç kimə böhtan atmaq istəməyən bir çox əsgər, zabit də eyni sonluqla üzləşiblər:

“Əgər biz düşmən tərəfindən öldürülənlərə şəhid adı veririksə, mənim qardaşıma da bu ad verilməlidir. O da düşmən tərəfindən öldürülüb”.

Oxu 828 dəfə