Font olcusu:
  • A+
  • A-

10-lar kimlərdir?


Bolmə: SIYASƏT

Prezidentliyə namizədləri tanıyın


Prezidentliyə namizədliyi irəli sürülən şəxslərin qeydiyyatı prosesi srağagün yekunlaşdı. Namizədliyi irəli sürülən 22 nəfərdən 10-u rəsmi namizəd olmaq hüququnu əldə edə bildi. Seçki yarışı 10 namizədin arasında gedəcək. Ölkənin birinci şəxsi olmaq iddiasında olanların kimliyinə qısa nəzər salaq. Seçki mübarizəsi 10-lar arasında gedəcək.Namizədləri təqdim edirik:

İlham Əliyev - 1961-ci ildə Bakıda anadan olub. Ailəlidir, üç övladı var. Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülüb. İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunudur, tarix elmləri namizədidir, rus, ingilis, fransız və türk dillərində sərbəst danışır. 10 ildir Azərbaycan Respublikasının prezidentidir. YAP-ın sədridir.

Cəmil Həsənli - 1952-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür. 10 monoqrafiyanın, 40-a yaxın kitabın və 1000-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var. Prezidentliyə namizədliyi Demokratik Qüvvələrin Milli Şurası tərəfindən irəli sürülüb.

Qüdrət Həsənquliyev - 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Deputatdır, rus və ingilis dillərini bilir. Ailəlidir iki övladı var. Namizədliyi sədri olduğu BAXCP tərəfindən irəli sürülb.

İqbal Ağazadə - 1968-ci ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Deputatdır. Rus, fars və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. Namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülüb.

Zahid Oruc - 1972-ci ildə Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Fəlsəfə elmləri namizədidir. Milli Məclisin deputatıdır. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. Namizədliyi özü tərəfindən irəli sürülüb.

Araz Əlizadə - 1951-ci ildə Bakıda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycan Sosial Demokrat partiyasının sədridir, rus və fars dillərini bilir. Ailəlidir, iki övladı var.

İlyas İsmayılov - 1938-ci ildə Tovuz rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturasına daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Sonralar hüquq elmləri doktoru alimlik dərəcəsi alıb. Deputatdır. Rus və məişət səviyyəsində alman dilini bilir. Ailəlidir, iki övladı var. Namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülüb.

Hafiz Hacıyev - 1956-cı ildə Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndis fakültəsini bitirib, elmlər namizədidir. Rus, türk, qismən də ingilis dilində danışan Hafiz Hacıyev namizədlər içərisində erməni dilini bilən yeganə şəxsdir. Ailəlidir, üç övladı var. Namizədliyi sədri olduğu MMP tərəfindən irəli sürülüb.

Sərdar Cəlaloğlu - 1954-cü ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. İxtisasca məhkəmə-tibb ekspertidir. Azərbaycan Demokrat Partiyasının sədridir. Türk dilini mükəmməl, rus dilini qismən bilir. Ailəlidir, üç övladı var.

Fərəc Quliyev - 1962-ci ildə Naxçıvan MR Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. İxtisasca həkim olan Fərəc Quliyev sonralar əlavə hüquq təhsili alıb. Deputatdır rus dilini bilir. Ailəlidir, üç övladı var. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb.

Namizədlərin təbliğat-təşviqat kampaniyasına sentyabrın 16-dan start veriləcək.(musavat.com)



  • Oxunub: 204 dəfə
Bu bölməyə aid digər xəbərlər.
Xəbər lenti
24 July 2014
23 July 2014
21 July 2014
20 July 2014
19 July 2014
18 July 2014
Son xəbərlər >>>