Çərşənbə axşamı, 26 Dekabr 2017 00:00

2018-ci il dövlət büdcəsi təsdiqləndi

Yazan

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında qanunu  dövlət başçısı təsdiqləyib.

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 473 650,0 min manat, yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 323 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilib.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:

Ümumi dövlət xidmətləri 3.622.839.062,0, müdafiə 2.738.721.836,0, təhsil 2.001.978.015,0, səhiyyə 739.334.330,0, sosial müdafiə və sosial təminat 2.197.182.103,0, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 306.126.560,0, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 656.259.888,0, sənaye, tikinti və faydalı qazıntılar 4.844.376.000,0, nəqliyyat və rabitə 166.790.678,0 manat və sair.

Çərşənbə axşamı, 26 Dekabr 2017 00:00

Taleh Bağırzadəyə yeni cinayət işi açıldı

Yazan

“Nə olursa olsun, məni yenidən şərləmək üçün bunu elədilər…”

Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə barəsində yenidən cinayət işi başlanıb. İlahiyyatçı Cinayət Məcəlləsinin 317-2 maddəsilə ittiham olunur. İttihama görə, ilahiyyatçının üzərindən qadağan olunmuş əşya tapılıb.
Bu haqda “Azadliq.info”ya Taleh Bağırzadənin yaxınları məlumat verərək bildirib ki, ittiham saxtadır. Yaxınlarının sözlərinə görə, ittihamda ilahiyyatçının üzərindən kəsici-deşici əşya tapıldığı iddia olunur, bu da yalandır.
Taleh Bağırzadə iyul ayında Qobustandakı qapalı həbsxanaya gətirilən gün orada onun üzərində axtarış aparılıb. İlahiyyatçının üzərində işində dini musiqilər olan mini kartlar tapılıb. Həmin kartlar ekspertizaya göndərilib. Ekspertiza da rəy verib ki, kartlarda heç bir qanunsuz material aşkarlanmayıb. Buna baxmayaraq, Taleh Bağırzadə haqqında cinayət işi başlanıb.
Yaxınlarının sözlərinə görə, ilahiyyatçı bu gün ailə üzvləri ilə telefon danışığında haqqındakı yeni cinayət işinə münasibət bildirib. Deyib ki, nə yolla olursa olsun, onu yenidən şərləmək üçün mini-kartlarıi kəsici, deşici alət kimi qələmə verib, yeni cinayət işi açıblar: “İslam həmrəyliyi ilinin əvvəlində şərləyib, məhkum etdikləri kimi, sonunda da şərləməyə davam edirlər”.
Xatırladaq ki, Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümünə səbəb olmuş polis əçəliyyatı nəticəsində həbs olunub. Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dəhşətli işgəncələrə məruz qalan ilahiyyatçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.
Taleh Bağırzadə ona verilən ittihamları rədd edir, əməliyyat zamanı dünyasını dəyişmiş altı nəfərin, o cümlədən iki polisin elə əməliyyatı keçirənlərin özləri tərəfindən qətlə yetirildiyini, saxlanılan dindarların heç birində silah olmadığını, namaz qıldıqları yerdə polislərin hücumuna məruz qaldıqlarını bildirir.

Çərşənbə axşamı, 26 Dekabr 2017 00:00

Ağdaş rayonunda dəhşətli qətl

Yazan

Ağdaşda vəhşət: “Azərişıq”ın nəzarətçisi borclu abonentin işığını kəsdiyinə görə ağacla öldürüldü

Lent.az xəbər verir ki, Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumov ağacla vuraraq 51 yaşlı Baxşalı Əliyevi öldürüb. Bildirilir ki, D.Muğumov B.Əliyevin qardaşının qayınatasıdır.

İlkin araşdırmalar zamanı məlum olub ki, B.Əliyev “Azərişıq”ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən 60 yaşlı kişi ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.

Ağır xəsarət alan 51 yaşlı B.Əliyev xəstəxanaya aparılıb və orada ölüb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Muğumov saxlanılaraq istintaqa təhvil verilib.

Bazar ertəsi, 25 Dekabr 2017 00:00

Müdafiə naziri saxlanıldı - VİDEO

Yazan

Keçmiş Müdafiə naziri Rahim Qazıyev saxlanılıb. Bu barədə jurnalist və ictimai fəal Əvəz Zeynallı facebook səhifəsində status yazıb: “Keçmiş Müdafiə naziri Rahim Qazıyevi Nərimanov rayon 17-ci polis bölməsi saxlayıb. Buradayıq. Polis mayoru, növbətçi Çingiz Səfərov məlumat verdi ki, səhər saat 10.00-da gəlin. Vəssalam...”.

Qeyd edək ki, bir neçə gün əvvəl Rəhim Qazıyevin İlham Əliyevi tənqid edən videosu yayılmışdı. 

Bazar ertəsi, 25 Dekabr 2017 00:00

Məcburi köçkünlər yolu bağladı — VİDEO

Yazan

Bu gün səhər saatlarında bir qrup məcburi köçkün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısından keçən Cavadxan küçəsini bağlayıb.

“Ölkə.Az”-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlər yolu bağlayaraq, ev tələb edirlər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 

Hadisə yerindən çəkilən videonu təqdim edirik:

Arazinfo.com məlumat verir ki, evlərin pulla satılmasına və adam sayına uyğun olmyaraq aparılan bölgüyə etiraz edərək, Binəqədi rayon, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində məskunlaşmış qaçqın və məcburi köçkünlər Cavadxan küçəsini bağlayıb. Hadisə yerinə Binəqədi rayon polis idarəsinin rəisi polis polkovniki Namiq İsmayılıov və çoxlu sayda polis əməkdaşı gəlib. Etirazçılarla söhbət etdikdən sonra yol açılıb. Yolu açan məcburi köçkünlər etrizlarına Zərifə Əliyeva adına parkda davam etdiriblər.

Etirazçıların sözlərinə görə bu addımı atmağa səbəb onlara veriləsi evlərin pulla satılmasıdır. Məcburi köçkünlərdən əldə etdiyimiz məlumata görə, evləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində departament rəisi Elman İsmayılov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binqədi rayon üzrə sektor müdiri Abış Məmmədov 5-10 manatdan satırlar.

Etirazçılar dediyinə görə, pul vermiyənlərə ailə üzvünün sayına görə bölgü aparılmır. Ailədə 3 nəfər olana da, 5 nəfər olana da 1 otaqlı ev verirlər. Zərifə Əliyevə adına parkda etirazçılar sakitləşdirildikdən sonra 108 saylı Binəqədi rayon mənzil komunal istismar sahəsinin qarşısına toplaşdılar.

Mehrab Həsənov bildirir ki, Elman İsmayılovla görüşən zaman vəzifəli şəxs ona deyib ki, 1 otaqlı ev istəmirsən get atlarınla bir yerdə yaşa:
“Ailə də 5 nəfərik, 1 otaqlı evdə necə yaşayım? Elman İsmayılov Xocalı qaçqınlarına deyir ki, mən Xocalını tanımıram. Bu nə deməkdir, biri bunu bizə izah eləsin”.

Məcburi köçkünlərin sözlərinə görə, prezidentin fərmanına görə 2 nəfərə 1 otaq, 3 nəfərə 2 otaq, 5 nəfərə 3 otaq verilməlidir. Ancaq “Qaçqınkom” çox otaqlı evləri satıb, 1 otaqlı evlərə də 5 nəfəlik ailəni yerləşdirir. Etirazçılar bildirir ki, məcburi köçkünlər üçün tikilmiş evlərə “yerli” insanları köçürüblər. Ev almaq üçün Abış Məmmədov və Elman İsmayılov 5-10 min manata evləri onlara satıblar.

Etirazçılara bildirilib ki, artıq məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial-təminat şöbəsinin rəisi Gəray Fərhadova məlumat verilib. Bununla bağlı Komitədə iclas keçirilir. Yekun qərar Komitə sədri Əli Həsənova təqdim olunacaq.

BBC müxbiri Tim Whewell-in bu il qətlə yetirilmiş təhqiqatçı jurnalist Daphne Caruana Galizia-ya və onun vətəni Maltaya həsr edilmiş radio reportajı böyük əks-sədaya səbəb olub. Jurnalist reportajını “İki Malta” adlandırıb.

Maltanın özündə bu reportaja münasibət birmənalı deyil. Əslində “İki Malta” adlı bir reportaja münasibət necə birmənalı ola bilərdi?

Digər tərəfdən bu reportajdan çıxan “bir dövlət iki millət” modelini Maltadan başqa onlarca başqa ölkəyə şamil etmək olar.

Tim Whewell reportajın əvvəlində bir-iki cümlə ilə Maltanın tarixi keçmişinə baş vurur. O qeyd edir ki, bir çoxlarının səfalı və ingilisdilli məzuniyyət məkanı kimi tanıdığı Malta İkinci Dünya Müharibəsi illərində, hələ Britaniya müstəmləkəsi olarkən nasizmə qarşı cəsarətlə döyüşmüşdü. Amma jurnalistin dəhşət doğuran bu qətlindən sonra bəziləri adanın mafiya ölkəsinə çevrildiyindən danışırlar.

Bu qətllə bağlı üç nəfərə qarşı ittiham irəli sürülüb, lakin vətəndaş cəmiyyətinin fəalları narahatdırlar ki, hakimiyyət bu qətlin arxasındakı motivləri və əsl sifarişçiləri ört-basdır edə bilər.

“Elə isə Maltada nə baş verir?” – deyə sual edir jurnalist və dərhal da cavab verir ki, “cavab sualı kimə ünvanladığınızdan asılı olacaq”.

Daphne özü yazırdı ki, “Maltada iki Malta var və onların arasındakı məsafəni avtomobillə yarım saata qət etmək olar…”

Tim Whewell-in vətəndaş cəmiyyətindən olan həmsöhbətləri deyirlər ki, jurnalistin öldürülməsinin siyasi qətl olduğuna heç bir şübhə yoxdur, çünki bu, ilk növbədə hakimiyyətdən mənfəətlənən adamlara sərfəli ola bilərdi.

Daphne Caruana Galizia-nın ölümündə şübhəlilərin məhkəməsi ətrafında təhlükəsizlik tədbirləri möhkəmləndirilib

Lakin əsasən də siyasətdən uzaq olan maltalılardan bəziləri öldürülməsində Daphne Caruana Galizia-nın özünü təqsirkar bilirlər.

“Onun özü də yazılarında hamı ilə qəddar davranırdı” – deyir bir qadın.

“Əgər sən yolun ortasında dayanmısansa, bilirsən ki, maşın əvvəl-axır səni vuracaq. Niyə dayanırsan yolun ortasında?” – deyir bir kişi.

BBC müxbiri isə deyir ki, onun Maltaya səfər etməsinin səbəblərindən biri də görkəmli jurnalistlərin çox vaxt öz ölkələrində niyə belə fikir ixtilafları yaratmasını araşdırmaq olub.

Tanışları və həmkarları bildirirlər ki, adi həyatda son dərəcə sakit bir qadın olan Daphne-nin qələmi son dərəcə kəskin idi. Bu kəskinliklə o birbaşa hədəfi vururdu. Buna görə də hədələnir, evinə yanğın hücumları olur, sevimli iti zəhərlənir.

O ölümündən bir neçə dəqiqə qabaq son cümləsini yazacaqdı: “Hara baxsan fırıldaqçılardır, çıxış yolu yoxdur…”

Lakin Daphne-ni bu son cümləyə qədər gətirib çıxaran onun başqa yazıları olmuşdu və nəhayət o, jurnalist həyatında ən böyük və ən dəhşətli həqiqətləri faş edəcəkdi.

Ötən ilin fevralında o, Facebook səhifəsində heç bir şərhsiz panama şəklini yerləşdirmişdi. Bu şərhsiz şəkil böyük açıqlamaların başlanğıcı idi.

Panama sənədləri ilə bağlı ilk reportajını verəndən sonra jurnalist yazmışdı ki, indi onun oxucularının arasında ən əhəmiyyətli olan dörd nəfər var: “Mənə onların bundan sonra nə edəcəkləri çox maraqlıdır…”

Bu dörd nəfər hakimiyyət piramadasının zirvəsində olan şəxslər idi. Onların adları, faş olan Panama sənədlərindən çıxmışdı.

Maltanın sevimli nazirlərindən birinin də adı burada idi. O əslində bütün Avropa İttifaqında adı bu sənədlərdən çıxan yeganə nazir idi. Daphne isə yazırdı ki, hədəfdə ondan da iri fiqur var. Söhbət baş nazirin xanımından gedirdi.

Maltanın Baş naziri Joseph Muscat və onun həyat yoldaşı Michelle Muscat

Jurnalist iddia edirdi ki, Michelle Muscat Maltada gizli bank hesabı açıb və bu hesaba Azərbaycan prezidentinin qızından 1 milyon avro daxil olub.

Tim Whewell-in reportajında deyilir ki, Azərbaycan və Malta arasında bir neçə sərfəli enerji sövdələşmələri baş vermişdi.

Jurnalistin açıqlamaları elə bir zəlzələ yaratmışdı ki, erkən seçkilər qaçılmaz olmuşdu…amma bu seçkidə baş nazir Joseph Muscat bir də qələbə qazanmışdı.

Daphne-nin həyat yoldaşı deyir ki, seçkinin nəticələri jurnalistin qol-qanadı sındırmış, onu ümidsiz etmişdi. Axı onun faş etdiyi faktlar istənilən elektoratın gözünü açmalıydı.

Jurnalist həmin günlərdə yazacaqdı: “İndi kim deyə bilər ki, Malta Avropa düşüncəli bir ölkədir? Əslində iki Malta var. Avropa olan Malta – Maltanın əhəmiyyətsiz bir hissəsdir”.

Həyat yoldaşı izah edir ki, azlıqda qalan Maltanın insanları düznəqulu adamlardır, lakin daha böyük Maltadakılar üçün nəyinsə düz və ya əyri olması bunların şəxsən onlara xeyirli olub-olmamasından asılıdır.

Bu, özlüyündə korrupsiyalı siyasətçilərin hardan çıxdığını, onlara necə səs verildiyini nümayiş etdirir.

Daphne Caruana Galizia-nın qətlindən bir gün sonra etiraz aksiyası keçirənlər bildirirdilər ki, onlar bu sui-qəsdin lazımınca araşdırlacağına inanmırlar. Onların fikrincə, təhqiqatı aparan polis rəisinin arvadının hökumət naziri olması belə şübhələrə əsas verirdi.

Lakin hətta bu aksiyaya qatılanların sayı da Malta üçün əhəmiyyətli dərəcədə az idi. Bura toplaşanların əksəriyyəti əslən şimaldan olan və orta sinfə mənsub peşəkarlardı.

Başqa sözlərlə bu Daphne-nin Maltasından olan insanlardı. Onların hətta zövqləri də baş nazir Muscat-ın Maltasından fərqlənirdi.

Həyat yoldaşı izah edirdi ki, Daphne-nin valideynləri adanın metropoliyası olan Britaniyaya loyal zümrədən çıxmış azsaylı kəsimin adamları idilər. Onların psixologiyaları da daha çox Britaniya həyat və düşüncə tərzinə uyğun idi. Halbuki Malta əhalisinin əksəriyyəti Aralıq dənizi mədəniyyətinə bağlı adamlardır.

Daphne Caruana Galizia-nın dəfn mərasimi

BBC jurnalisti bazar günü bu “böyük Maltanı” gəzib dolaşarkən Daphne haqqında daha çox nifrətli sözlər eşidir. Əsasən işçi təbəqəsindən olan adamların əksəriyyəti baş nazir Muscat-dan razılıq edirlər.

“Maltada beş min adam var ki, özlərini yerdə qalan yarım milyon insandan üstün tuturlar” – deyir bir kişi BBC müxbirinə.

Tim Whewell deyir ki, Maltada hətta ən kiçik kəndlərin də iki nəfəs orkestri var. Jurnalistin olduğu qəsəbələrdən birində də iki orkestr vardı. Bir orkestrin gözəl binası, məşq otaqları, o biri orkestrinsə alətlərdən başqa heç nəyi…

Təsadüfi deyildir ki, rahatlığı və imkanları olan orkestrin bədii rəhbəri hökuməti durmadan tərifləyirdi. O deyir ki, hökumət bu yerlərə yaxşı baxır, investisiya yatırır, burada hətta yeniyetmələr də özlərinə maşın və ya ev ala bilirlər…

Lakin BBC reportajında deyilir ki, Maltanın iqtisadi uğurunun arxa tərəfi də var: İnternet qumarı çiçəklənir, şirkətlər üçün verginin aşağı olması isə bura biznesmenləri, nə vaxtsa çıxıb getmiş varlı maltalıları çəkib gətirir. Nəticədə tikinti biznesi inkişaf edir.

Lakin Daphne hesab edirdi ki, bu inkişaf ölkəyə çirkli pullar gətirib. Ölkənin pasportları da alış-veriş predmetinə çevrilib. Zəngin əcnəbilər avtomatik olaraq Avropa İttifaqı vətəndaşlığı verən Malta pasportunu 650 min avroya ala bilirlər.

BBC reportajında bu da deyilir ki, jurnalistin ailəsinin onun qətlinin araşdırlıması üçün beynəlxalq təhqiqat tələb etməsi rəsmiləri qəzəbləndirib. Ailə narahatdır ki, yerli polis yalnız cinayət ekspertizası aparacaq və pul köçürmələrini qətiyyən təhlil etməyəcək. Halbuki qətlin sifarişçilərini üzə çıxarmağın ən optimal yollarından biri də maliyyə köçürmələrinin izlənməsi ola bilərdi.

Daphne-nin ölümündən sonra onun qətlinin araşdırılmasını tələb edənlər aksiya keçiriblər

Daphne-nin həyat yoldaşı iddia edir ki, hakimiyyətdə mafiyaya, Azərbaycan rejiminə bağlı çox sayda insanlar var.

BBC müxbiri təəccüb edir: Ölkənin ən aparıcı jurnalsitinin qətlə yetirilməsi hökumət üçün şok olmalıydı, Maltada isə həyat heç nə olmayıbmış kimi davam edir.

Jurnalistin əri isə deyir ki, Daphne-nin ölümündən beşcə gün sonra baş nazir təyyarəyə minib Dubaya pasport satmağa gedirdi…

Malta reportajının ən maraqlı məqamlarından biri də BBC müxbirinin baş nazirin müavini Chris Fearne ilə müsahibəsidir.

Jurnalistin polis rəisinin nazirlə evli olduğuna dair sualına baş nazir müavini “biz balaca adayıq, burda adamlar bir-birilə evlənirlər” cavabını verir.

O deyir ki, sözü gedən polis rəisi bu postu 1993-cü ildən tutur və böyük təcrübəyə malikdir. “Bu ölkədə ondan yaxşı əməliyyatçı yoxdur” – deyir Fearne.

BBC jurnalisti daha bir sual verir: “Bu iş cinayət qətli kimi araşdırılır, amma bir çox qəzetlər bunu siyasi qətl adlandırırlar…”

“Siz qəzetlərdən oxuduğunuz hər şeyə inanırsınız” – deyə suala sualla cavab verir baş nazir müavini.

Söhbət maraqlı axarda davam edir.

BBC müxbiri: Siz niyə bu qətli siyasi adlandırmaq istəmirsiniz?

Chris Fearne: Siz niyə belə düşünürsünüz ki, bu siyasi qətldir?

BBC müxbiri: Çünki o siyasi korrupsiyanın üstünü açmaq istədiyini deyirdi…

Chris Fearne: Bu avtomatik olaraq o demək deyil ki, qətl siyasidir…

Baş nazir məsləhət görür ki, cinayət araşdırmasının nəticələrini gözləmək lazımdır.

Lakin bu, Maltada davam edən yeganə cinayət araşdırması deyil. Bu araşdırmalardan biri də Daphne-nin korrupsiya iddiaları ilə bağlı təhqiqatdır.

BBC müxbiri bidlirir ki, polisin maliyyə cinayətləri bölməsindən bu araşdırmanı aparan zabit 6 ay əvvəl vəzifəsindən azad edilib. Özünün dediyinə görə o baş nazir xanımının gizli bank hesabı ilə bağlı faktları üzə çıxarmağa çox yaxın idi…

Keçmiş polis zabiti deyir ki, indi hər dəfə maşınının mühərrikini işə salanda, partlayış səsini eşidəcəyini gözləyir. Daphne-nin araşdırmalarına və həyatına son qoymuş o partlayış kimi…

Bu gün Müsavat Avropa Koordinasiya Mərkəzi  (Müsavat AKM) “Siyasi məhbuslara azadlıq!” tələbi ilə növbəti aksiyasını keçirib.

Müsavat AKM-dən “Basta”ya verilən məlumata görə, aksiya çərçivəsində eyni vaxta Almaniyanın Köln, Mainz, Nürnberg və Fransanın Laval şəhərlərində izdihamlı mitinqlər baş tutub. 

Aksiya Azərbaycandakı siyasi məhbusların, o cümlədən Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun, Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlının, Nida gənclər təşklatının təmsilçiləri İlkin Rüstəmzadə, Qiyas İbrahim, Bayram Məmmədov və Elgiz Qəhrəmanın, jurnalist və blogerlərƏfqan Muxtarlı, Mehman Hüseynov, Seymur Həzi, Əziz Orucov və Fikrət Fərəməzoğlunun,eləcə də Taleh Bağırzadənin və “Nardaran işi” üzrə məhkum edilmiş digər məhbusların həbsdən azad olunması tələb edilib. Aksiyalarda həmçinin Qarabağda erməni sepratçılarının girov götürdüyüDilgəm Əsgərov və Şahbaz Quliyevin plakatları qaldırılıb, onların azad olunması tələb edilib. Azərbaycanın və Müsavat Partiyasının bayrağı altında keçən aksiyalarda dövlətimizin himni səsləndirilib.

Təkcə Almaniyanın Köln şəhərində keçirilən aksiyada yüzə yaxın mühacir iştirak edib. Aksiyada çıxış edən Müsavat AKM-in Nəzarət Təftiş Komissiyasının sədri Əli Quliyev bildirib ki, Azərbaycanda rüşvərxorluğa və korrupsiyaya qurşanmış Əliyev hakimiyyəti öz oponentlərinə qarşı şərləmə metodundan istifadə edir. O, buna sübut olaraq, Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidovun heç bir əsas olmadan saxlanmasını və uydurma ittihamla həbsə atılmasını misal göstərib.

Goranboy rayonunun Aşağı Ağcakənd kəndiniə 1 ildir qaz verilmir. 

Kəndə qaz xətti çəkilsə də, əhali qışda evlərini odunla qızdırırlar.

Bu barədə Meydan TV-yə kəndin Sahil Kərimli küçəsi, ev 3-ün sahibi, 85 yaşlı İsmayıl Tanrıverdiyev danışıb.

O, bildirib ki, yerli regional idarəyə dəfələrlə müraciət ediblər, amma onları heç kim eşitmir:

"Qaz  əvəzinə hava gəlir, xışıldayır, 20 qəpikdən də çek veriblər ki, ödəyin. Qaz varmı ki, ödəyək. Bir ildir belə vəziyyətdir, yorğana bürünüb oturmuşuq. Qaz İdarəsinə zəng edirik, götürmürlər. İndi kənd camaatı Prezident Administrasiyasına gəlmək istəyir. Burda Ermənistandan olan qaçqınlarla bərabər Qarabağ ətrafındakı işğal olunan rayonların əhalisi də məskunlaşıb”.

"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalıyev bildirib ki, kənd əhalisi "Azəriqaz”a müraciət etməlidir və bu müraciət əsasında Regional Gəncə Qaz İstismar İdarəsi məlumatlandırılacaq. Hazırda respublikanın heç bir ərazisində təbii qazın mövcudluğu ilə bağlı problem yaşanmır. Həmin ərazidə qaz təchizatının texnoloji rejiminə uyğun olaraq tənzimlənməsi üçün müraciət edəcəm”. 

Meydan TV Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Özünü icra başçısının köməkçisi kimi təqdim edən, lakin adını deməyən şəxs bildirib ki, məsələ ilə bağlı araşdırma aparıb tədbir görəcəklər.  

Şənbə, 23 Dekabr 2017 00:00

Azərbaycanda daha bir bank bağlandı

Yazan

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilir.

Palatadan verilən məlumata görə, bu qərar bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edilib.

"DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. "DəmirBank” ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib.

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.

APA-nın xəbərinə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib. 

Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. 

Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

5 -dən səhifə 158