Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
Gündəm / Cəmiyyət
Oxunub: 3
18 Eyl 2026 | 14:40
Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Azərbaycan Alban-Udi xristian dini icması Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistanda verilən reaksiya ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

"Biz – Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının üzvləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhval-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayırıq.

Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, eləcə də sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın baş naziri Nikol Paşinyanın və digər yüksək vəzifəli rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etməsi tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpus nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir.

Bəyan edirik ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi, mədəni irsini danmaq siyasəti qəbuledilməzdir. Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir. Qafqaz Albaniyasına, xüsusilə onun dini-mədəni irsinə belə dözülməz, düşmən münasibət Ermənistanın həqiqətdən qorxduğunu bariz şəkildə göstərir.

Alban Kilsəsi Qafqazın ilk apostol kilsəsi kimi uzun tarixi yol keçmiş, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuşdur. Böyük bir mədəniyyət yaratmış, öz əlifbası olmuş bir irsə qarşı bütün hücumlar iflasa uğrayacaq. Əlahəzrət faktları danmaq olmaz. Tarixdən məlumdur ki, 313-cü ildə Alban çarı Urnayr xristianlığı dövlət dini kimi qəbul etmişdir. Azərbaycan memarlığının möhtəşəm nümunələrindən biri olan Xudavəng monastırının tarixi 6-7-ci əsrlərə gedib çıxır. Tarixi necə dəyişmək, necə saxtalaşdırmaq olar? Danılmaz həqiqətdir ki, Gəncəsər məbədi alban knyazı Həsən Cəlal Dövlənin göstərişi ilə 1216-1238-ci illərdə inşa edilmiş və 1240-cı ildə alban patriarxı Nersesin xeyir duasını almışdır. Gəncəsər məbədinin əhəmiyyəti və bizim üçün xüsusi dəyəri ondan ibarətdir ki, o, alban katolikosluğunun iqamətgahı olmuşdur. Həsən Cəlalın sülaləsindən olan knyazlar və ruhanilər, o cümlədən Həsən Cəlal Allahverdi bəy monastırın ərazisində dəfn edilmişdir.

Təəssüf ki, müxtəlif təzyiq və təsirlərdən sonra Çar sinodunun qərarı 1836-cı ildə Alban Apostol Kilsəsinin fəaliyyətinə son qoyulmuş, onun maddi və mənəvi irsinin bir qisminə Erməni-Qriqoryan kilsəsi sahib çıxmağa çalışmışdır. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədləri qriqorianlaşdırılmış, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər ya məhv edilmiş ya da saxtalaşdırılmışdır. Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsi olan Qafqaz Albaniyasının tarixi-mədəni irsinin min cür saxta oyunlarla erməniləşdirilməsi və mənimsənilməsi cəhdləri son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın vaxtilə işğal altında olmuş torpaqlarında bir dənə də olsun alban məbədinin tarixi siması olduğu kimi saxlanılmamışdır.

Qafqaz Albaniyasının tarixi-mədəni irsini mənimsəyərək özünə saxta tarix yaratmaq həm keçmişə, həm də gələcəyə qarşı çıxmaq, mehriban qonşuluq və dinc birgə yaşayışın əsaslarını baltalamaqdır. Eyni siyasətin bu gün də davam etməsi və Ermənistan rəhbərliyi tərəfindən dəstəklənməsi qəbuledilməzdir. Tarix olduğu kimi öyrənilməli, yazılmalı və təqdim edilməlidir. Biz, bu torpağın ilk xristianları, öz tarixi və dini-mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərini qətiyyətlə rədd edirik.

Tarixi reallıq sübut edir ki, Qafqaz Albaniyasının tarixi-siyasi və mədəni-dini irsi bu gün ayrı-ayrı etnosların, dinlərin və etiqadların əsrlərlə tolerantlıq şəraitində yaşadığı Azərbaycan dövlətinə və Azərbaycan xalqına məxsusdur. Bu gün öz dilini, dinini, adət-ənənələrini yaşadan xristian icma olaraq biz dədə-babalarımızdan qalan müqəddəs mirasa bundan sonra da sahib çıxacaq və erməni saxtakarlığına qarşı mübarizəmizi davam etdirəcəyik.

Bu gün biz udilər Qəbələ və Oğuzdakı kilsələrdə ibadət etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdəki qədim alban məbədlərində, o cümlədən "Gəncəsər", "Ağoğlan", "Xudavəng", "Amaras" və digər müqəddəs məkanlarda da sərbəst dini ayin və mərasimlər keçiririk.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Alban Apostol Kilsəsinin üzləşdiyi ədalətsizliyin aradan qaldırılması, tarixinin obyektiv şəkildə öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün əlverişli fürsət yaranmışdır. Azərbaycan hökuməti mənsubiyyətindən asılı olmayaraq ölkədə bütün tarixi-dini abidələrin bərpası və təmiri sahəsində böyük işlər həyata keçirir, bu irsə xüsusi həssaslıqla yanaşır. O cümlədən Alban irsinə aid möhtəşəm abidələr, Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda "kilsələrin anası" hesab olunan apostol Yelisey məbədi, udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki "Çotari" və "Məryəm ana" kilsələri və s. bərpa edilərək dövlət qorumasına alınmışdır. Alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bütün bunlara görə biz bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Bir daha bəyan edirik ki, torpaqlarımız işğaldan azad edilməsi ilə tarixi ədalət bərpa edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmuş və regionda yeni reallıqlar yaranmışdır. Nəhayət erməni tərəfi bu gerçəkliyi qəbul etməli, regionumuzun və xalqlarımızın əmin-amanlığı üçün son dərəcə zəruri olan sülh prosesinə mane olan hər cür addımlardan, revanşist təbliğatdan və tarixi həqiqətləri təhrif etməkdən birdəfəlik əl çəkməlidir. Biz dəfələrlə Qarabağa gedib dini ayinləri icra etmişik, orada uyuyan əcdadlarımızın ruhunu yad etmişik, yaxın vaxtlarda yenidən səfər etməyi planlaşdırırıq".
Bugün, 16:04
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
Bugün, 14:40
Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
Bugün, 13:27
Sabah rayonlarda arabir yağış yağacaq
Bugün, 12:53
Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
Bugün, 11:59
Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
Bugün, 11:20
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
Bugün, 10:07
Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
Bugün, 09:35
Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
Bugün, 09:30
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Dün, 18:26
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Dün, 17:24
Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib
Dün, 16:20
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Dün, 15:32
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
Dün, 13:51
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Dün, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
Dün, 12:55
Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
Dün, 12:25
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Dün, 12:06
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Dün, 11:25
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Dün, 10:05
Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
Dün, 09:30
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
16-09-2026, 16:44
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
16-09-2026, 16:12
Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
16-09-2026, 15:33
Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
16-09-2026, 14:37
Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
16-09-2026, 14:04
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
16-09-2026, 12:59
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq